Cəmil Həsənli sərbəst buraxıldı, Əli Kərimli isə hələ polisdədir (YENİLƏNİB)

Cəmil Həsənli sərbəst buraxıldı, Əli Kərimli isə hələ polisdədir (YENİLƏNİB)

18-11-2018 00:35 / Bu xəbər 1948 dəfə oxundu

Cəmil Həsənli bu dəqiqələrdə sərbəst buraxılıb və səhhəti normaldır. 

Bu barədə Milli Şura sədri özü Meydan TV-yə danışıb. 

O, AXCP sədrinin hələ də Səbael Rayon Rayon Polis İdarəsində saxlanıldığını təsdiqləyib. 

*** 

Milli Şura Dirçəliş Günü ilə bağlı yürüş keçirmək istəyib

Milli Şura sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli noyabrın 17-də Şəhidlər Xiyabanını ziyarət etmək istəyərkən polis tərəfindən saxlanılıblar. Onlarla birlikdə partiyanın 50-yə yaxın üzvü Səbael Rayon Polis İdarəsinə aparılıb.

Məlumatı AXCP mətbuat xidməti yayıb.

Bildirilib ki, Milli Şura Milli Dirçəliş Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət etməyi əvvəlcədən planlaşdırıb və bu barədə 1 gün əvvəl ictimaiyyət məlumatlandırılıb. Ancaq hakimiyyət bugün səhər Şəhidlər Xiyabanına gedən yolu bağlayıb.

Məlumata görə, idarəyə iki təcili tibbi yardım maşını çağırılıb. 

17 noyabr Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd olunur.

1988-ci il noyabrın 17-də Lenin adına meydanda (indiki "Azadlıq" meydanı) Ermənistanın Azərbaycana ərazi iddiaları irəli sürməsi ilə bağlı respublika və ittifaq hakimiyyətlərinin fəaliyyətsizliyinə etiraz olaraq fasiləsiz mitinq başlamışdı.

Yüz minlərlə insan iki həftə fasiləsiz olaraq Moskvadan Ermənistanın addımlarına son qoyulmasını tələb edirdi.

Dekabrın 4-dən 5-nə kecən gecə sovet qoşunları mitinq iştirakçılarına qarşı cəza tədbirləri həyat keçirdi, nəticədə onlarla adam yaralandı, bir nəfər həlak oldu.

Bununla belə, mitinq güclü hərəkatın başlanğıcını qoydu və bu 1991-ci ilin oktyabrında Azərbaycanın müstəqilliyinin elan olunması ilə nəticələndi.

1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü Günü kimi qeyd olunur. 2006-cı ilin sonunadək bu bayram qeyri-iş günü idi. Lakin 2006-cı ilin sonunda parlament onu qeyri-iş günləri siyahısından çıxardı.