Özünü polisin silahı ilə öldürdü - Lənkəran Polis İdarəsində olay

Özünü polisin silahı ilə öldürdü - Lənkəran Polis İdarəsində olay

11-04-2017 10:57 / Bu xəbər 3152 dəfə oxundu

Lənkəran rayonunun Polis Şöbəsinin müvəqqəti saxlama kamerasında intihar hadisəsi baş verib.

Report.az xəbər verir ki, soyğunçuluq məqsədilə evə basqın edərək ev sahibinə ölümlə nəticələnən xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılan şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinin müvəqqəti saxlama kamerasında özünü öldürüb.

İlkin məlumata görə, rayonun Xolmili kənd sakini, 1977-ci il təvəllüdlü Fail Xudaverdi oğlu Hüseynov polis gözətçisinə xəsarət yetirərək onun silahı ilə özünü öldürüb.

Evə basqın hadisəsi martın 18-də, Xolmili kəndində baş verib. Belə ki, evə basqın edən şəxs və ya şəxslər 67 yaşlı kənd sakini Səfərov Vahab Xalıq oğluna baş nahiyəsindən ağır xəsarət yetiriblər. Ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub və onun vəziyyəti ağır olduğundan Bakıya göndərilib. Lakin V.Səfərov bir neçə gün sonra dünyasını dəyişib. O, uzun illər kənd ambulatoriyasının müdiri vəzifəsində işləyib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Lənkəran şəhər Polis İdarəsində son illər intihar olayları tez-tez baş verir.

Belə ki, 2013-cü ilin aprelin 11-də saat 12.00 radələrində Lənkəran şəhər Polis Şöbəsində cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis mayoru Elçin Fətullayevin 2-ci mərtəbədə yerləşən xidməti otağına oğurluqda şübhəli şəxs qismində gətirilmiş Velədi kənd sakini, əvvəllər məhkum olunmuş Cəmil Babayev pəncərədən özünü atmış, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Bu ilin yanvar ayında  3 azyaşlı uşaq anası Yaqut Əliyeva da özünə qəsd edərək idarənin 3-cü mərtəbəsindən özünü atmışdı.