''Zəlzələ evimizi dağıdıb, maraqlanan yoxdur''

''Zəlzələ evimizi dağıdıb, maraqlanan yoxdur''

04-02-2019 14:54 / Bu xəbər 1079 dəfə oxundu

Leriklilər şikayətlərinin araşdırılmadığını deyirlər

Lerik rayonu Qışlaq və Siyov kəndinin sakinləri narazılıq edir. Onların şikayəti uçulub-dağılan, qəzalı vəziyyətə düşən evləri ilə bağlıdır.

Siyov kənd sakini Fərhad Muradov Meydan TV-yə deyir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Prezident Adminstrasiyasına, Birinci vitse-prezident Mehriban Əliyevaya dəfələrlə məktub yazıb. Şikayəti yerli icra hakimiyyətinə yönləndirilib, amma nəticəsi olmayıb.

Fərhad Muradov

"İcra da məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Nazirliyin nümayəndələri gəlib, evə baxış keçiriblər. Qəzalı olduğunu təsdiqləyiblər və qısa zamanda yardım edəcəklərini bildiriblər. Amma hələ də gözləyirik, heç bir nəticə yoxdur", - Fərhad Muradov belə deyir:

"Beş körpə uşağım var, əsas onlara görə narahatam. Köhnə evdir, 1970-ci ildə mişar daşı, çay daşı və sementlə tikilib. 1997-ci ildə 7 bal gücündə zəlzələdən sonra ev tamamilə yararsız vəziyyətə düşdü. Əlli ilin evidir, uçulub-dağılır, zəlzələlər, yağışlar, torpaq sürüşmələri vəziyyəti daha da ağırlaşdırıb. İndi də evin aşağı hissəsi sürüşərək, gedir. Bu acınacaqlı durumu Lerik Rayon İcra Hakimiyyəti başçısının Siyov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi də təsdiqləyib. Amma bir çarə tapmırlar, daha ora-bura məktub yazmaqdan da yorulmuşam".

Adil Şahverdiyev

Qışlaq kənd sakini Adil Şahverdiyev də həmkəndlisi ilə eyni dərddədir. Söyləyir ki, ətraf kəndlərdə də vəziyyət təxminən eynidir: "Əvvəlcə, 1997-ci ildə baş verən 7 ballıq zəlzələ evləri dağıtdı. Ardınca da ötənilki 5,1 ballıq zəlzələ vəziyyəti daha da ağırlaşdırdı. 2005-ci ildən hər yerə şikayət məktubu yazıram, ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya da dəfələrlə müraciət etmişəm. Amma şikayətimə baxan yoxdur. Keçən ilin avqustunda olan zəlzələdə evim demək olar, dağıldı. İmkanım yoxdur ki, təmir edim. Bir oğlum var, heç ona toy edib, bir yana çıxara bilmirəm".


Lerik Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, şikayətlər Fövqəladə Hallar Nazirliyinə yönləndirilib. Nazirlikdən olan mütəxəssislər evlərə baxış keçirib və qəzalı vəziyyətdə olduğu təsdiqlənib. Gələcəkdə təmir-bərpa işləri həmin qurum tərəfindən həyata keçiriləcək. Qəzalı evlərlə bağlı icra hakimiyyətində hec cür vəsait nəzərdə tutulmur.