Özəl bağçada uşaqlara qarşı şiddət görüntüləri yayılıb

Özəl bağçada uşaqlara qarşı şiddət görüntüləri yayılıb

12-06-2018 18:43 / Bu xəbər 1635 dəfə oxundu

Görüntüləri yayılan uşaq bağçası ilə bağlı araşdırma aparıldığı deyilir

Bakıdakı özəl "Kids studio” adlı bağçadan videogörüntülər yayılıb. Ayrı-ayrı vaxtları əhatə edən kamera görüntülərindən tərbiyəçinin uşaqlarla kobud rəftarı görünür. Tərbiyəçi uşaqları çimdikləyir, sıxışdırır, silkələyir, divara çırpır, vurur. 

"Azxeber.com” saytının məlumatına görə, Yasamal rayonu ərazisində yerləşən "Kids Studio"-da uşaqlarla kobud davranan müəllimə Firuzə Tağıyevadır.

"Kids studio”nun direktoru Nigar Müseyibova "BakuPost”-a açıqlamasında deyib ki, hadisədən sonra bağça fəaliyyətini dayandırıb:

"Bağça bu gün fəaliyyətini dayandırdı. Daha fəaliyyət göstərməyəcəyik".

Direktor bağçada uşaqlara qarşı hər hansı işgəncə olmadığını bildirib: "Orada aqressiya olmayıb. Müəllimə uşağı silkələyib. Bundan başqa, onlar tezləşdirilmiş kadrlardır. Ona görə kobud görünür. Tezləşdirilmiş kadrların da öz təsiri var. Biz bir müddət əvvəl bağçada çalışan bir nəfəri işdən çıxarmışıq. Həmin qız oturub bütün görüntüləri axtarıb, arasından yalnız bunları tapıb. Çünki başqa bu kimi rəftar qeydə alınmayıb bağçada. Qisas almaq üçün görüntüləri yayıb. Biz onu işdən oğurluq üstündə çıxarmışdıq”.

N. Müseyibova kadrlardakı uşağın F. Tağıyevanın qohum olduğunu deyib: "Həmin uşaq Firuzə müəllimənin öz qohumudur. Bundan başqa, o, yaxşı müəllimə olub. Uşaqları başının üstündə saxlayıb”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya açıqlamasında deyib ki, uşaq bağçasının yerləşdiyi ərazinin və uşaqlara qarşı zorakılığı törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə araşdırmaya başlanılıb.

E. Səfərovun qeyd edib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək: "Yayılan görüntülərlə bağlı müvafiq dövlət qurumları ilə əlaqə saxlanılıb, araşdırmalar aparılır. Uşaqlara qarşı zorakılıq yolverilməzdir. Uşaqlara xidmət göstərilən xüsusi müəssisələrdə peşəkar kadrlar çalışmalı, onların sosial-psixologiya sahəsində təhsilləri olmalıdır”.