Özbəkistanda müğənnilərə prezidenti tərifləmək qadağan edilib

Özbəkistanda müğənnilərə prezidenti tərifləmək qadağan edilib

12-02-2019 16:50 / Bu xəbər 306 dəfə oxundu

"Prezidentin incəsənət xadimləri tərəfindən reklam olunmasına ehtiyacı yoxdur”

Müğənniləri prezident Şövkət Mirzəyevi tərifləyən mahnıları oxumaqdan çəkinməyə dəvət edirəm.

"Ozodlik” radiosunun məlumatına görə, bunu mətbuat konfransında "Özbəkkonsert” dövlət təşkilatının rəhbəri Odil Abdulkaxxarov deyib. 

2018-ci ilin dekabrında "Bojalar” qrupuunun solisti Cahangir Poziljonovun "ZO’R-TV” efirində "Mənim prezidentimlə selfim” klipi nümayiş etdirilib. 

Bundan sonra mahnı və klip sosial şəbəkələrdə kəskin tənqid olunub və yaltaq adlandırılıb.

Mətbuat konfransında həmin klipə toxunan O.Abdulkaxxarov deyib ki, "prezident Mirzəyev incəsənət xadimləri tərəfindən reklam olunmasına ehtiyacı yoxdur”.

"Prezident özü də deyib ki, ünvanına təriflər lazım deyil. Bu gün biz sussaq, Cahangir Poziljonov prezidentin xoşuna gəlmək üçün bu tipli ikinci və üçüncü mahnılarını oxuyacaq. Bundan sonra isə ölkə kənarında olan jurnalistlərimiz hakimiyyətin belə mahnıları sifariş verdiyini yazacaqlar. Bizə bu lazımdır?”, - o deyib.

O.Abdulkaxxarov Şövkət Mirzəyevin obrazını mahnılarında istifadə edən müğənniləri tənqid edərək, bunun əvəzinə ölkədə keçirilən islahatlara töhfə verməyə çağırıb.///meydan.tv