Zamirə Hacıyeva həbs edildi

Zamirə Hacıyeva həbs edildi

07-11-2018 01:51 / Bu xəbər 1585 dəfə oxundu

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamira Hacıyevanın qiymətli əşyaları, pulları London məhkəməsinin qərarı ilə müsadirə olunub. Özü isə həbs olunub. 

Müsadirə olunan əşya və pulların Azərbaycana qaytarılacağı deyilir. 

Hüquqşünas Fərhad Mehdiyev Toplum Tv-yə deyib ki, müsadirə olunan pulların geri qaytarılması mümkündür. Bir şərtlə ki, Azərbaycan hökuməti istintaqa zərərçəkən şəxs qismində cəlb edilsin: "Hazırda İngiltərədə istintaq gedir.  Azərbaycan hökuməti üçüncü dərəcəli şəxs qismində istintaqa qatılmalıdır, yəni zərərçəkən şəxs kimi. Cahangir Hacıyevin cinayət işi İngiltərə prokurorluğuna təqdim olunmalıdır. Orada da əsaslandırılmalıdır ki, bu pullar, əslində, Azərbaycan Beynəlxalq Bankından oğurlanan pullarıdır. Bu qərarı ala bilsələr, iş prosesi daha sürətli gedəcək və pulların qaytarılması mümkün olacaq”.

Fərhad Mehdiyev deyib ki, Avropada çirkli pulların yuyulması ilə bağlı konvensiya var: "İngiltərə də bir Avropa dövlətidir. Bir çox dövlətdə isə investitsiya olunan malın mənşəyi yoxlanılmır. Avropa İttifaqında bununla bağlı sərt qaydalar var. Məsələn, bir ərəb gəlib on milyon dollara bina ala bilmir. O, sübut etməlidir ki, bu binanı hansı pulla almaq istəyir. Bu, çirkli pulların yuyulmasının qarşısını almaq üçün gətirilən mexanizmdir. Digər dünya dövlətlərində bu kimi şeylər yoxdur. Əksər xarici dövlətlər ölkəyə investitsiya cəlb etmək üçün əmlakın mənbəyi haqqında çox ciddi araşdırma aparmırlar. Çünki bu qaydalar daha az investisiyanın cəlb olunmasına gətirib çıxaracaq. Onlar da ÜDM-i artırmaq üçün xarici investorlara münbit şərait yaratmaq istəyirlər”.
 
BBC Azərbaycanın yaydığı məlumata görə, bu gün, noyabrın 6-da Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyeva Londonda həbs edilib. 

Onun Britaniyadan ekstradisiya edilməsi gözlənilir.

55 yaşlı Zamirə Hacıyeva Londonun mərkəzində 15 milyon funt sterlinq dəyərində evdə yaşayır. Onun vəkilləri qadının "fırıldaqçı" olmadığını deyir.

O, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub.

UWO, Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

Milli Cinayət Agentliyinin təhqiqatçıları inanırlar ki, ingilis mülklərinə milyardlarla funt çirkli pul qoyulur, lakin sübutların olmaması səbəbilə həmin əmlak sahiblərini cinayətlə ittiham etmək və ya aktivləri təqib etmək demək olar ki, mümkünsüzdür.

Yeni "İzahedilməz Sərvət Sərəncamı" onları zənginliklərini açıqlamağa məcbur etmək cəhdidir.

Əgər bir şübhəli xarici rəsmi və ya ailələri, sərvətlərinin qanuni mənbəyini göstərə bilmirsə, Milli Cinayətkarlıq Agentliyi onların mülkünü ələ keçirmək üçün Ali Məhkəməyə müraciət edə bilər.

Noyabrın 3-də isə Böyük Britaniyanın ilk Makmafiya tərzli araşdırması nəticəsində Zamirə Hacıyevanın 400 funt dəyərindəki zinət əşyalarına həbs qoyulub.
 
Gülzar N. Məmmədli