Yolsuz Binə - FOTOLAR

Yolsuz Binə - FOTOLAR

23-03-2018 14:16 / Bu xəbər 2618 dəfə oxundu

Bakının Binə qəsəbəsində yollar acınacaqlı durumdadır. 

Bu barədə jurnalist Elçin Həsənzadə Arqument.Az-a yazıb. 

"Bu yol Birinci-vitse prezident Mehriban Əliyevanın Binə sovxozunda baxçanın açılışına gəldiyi zaman açılan yoldur. Amma indi yol tanınmaz hala düşüb, baxan da yoxdur. Qeyri-rəsmi məlumatlara görə, Binə kəndində 200 mindən çox insan yaşayır, lakin orada normal küçələr yoxdur. Hamısında çatlar, çüxurlar var, zolaqlar yoxdur. Bakı qəsəbələrindəki yollar da təxminən eyni vəziyyətdədir. Bir və ya ikisi istisna olmaqla, qəsəbələrdəki yollar çökəklər və çüxurlarla doludur, qazılıb, normal səkilər yoxdur". 

Jurnalist yazır ki, yollar məmur özbaşınalığı ucbatından bu vəziyyətə düşür: "Baxımsızlıqdır. Uzun illərdir ki, Azərbaycanın avtomobil yolları ölkənin ən böyük problemlərindən biridir".

Mütəxəssislərin fikrincə, ölkədə bir kilometr yeni yolun tikintisi dövlət büdcəsinə təxminən $18 milyona başa gəlir: "Müqayisə üçün reytinqdə 13-cü yeri tutan ABŞ-da yolun bir km-nin çəkilməsinə $ 5,9 mln xərclənir. Bu cür xərclər olanda nəticə də müvafiq olmalıdır. Dünya İqtisadi Forumunun tərtib etdiyi 2016-2017-ci illərdə yolların keyfiyyəti üzrə ölkələrin reytinqində Azərbaycan dünyanın 136 ölkəsi arasında 44-cü yeri tutur. Bu, qonşularla müqayisədə kifayət qədər yüksək göstəricidir. Amma yol infrastrukturunun xərclərinin məbləği nəzərə alınanda reytinqdə yer daha yüksək ola bilərdi". 

"Bakının kəndlərarası yollarında olan, sonradan dərin quyuya çevrilən çala-çuxur və çökəklər reytinqdə mümkün səhvlərdən xəbər verir. Qar və yağışdan sonra asfalt örtüyünün çevrildiyi şeyə yol demək çətindir. Yeni yollar tez-tez batır və bir çoxları bunu asfalt betonun keyfiyyəti, daha dəqiq desək, keyfiyyətinin olmaması ilə bağlayırlar", - jurnalist qeyd edir. 

 
Məsud Turan