''Yol çəkildi, rezidensiya tikildi, bəs kompensasiyalarımız?''

''Yol çəkildi, rezidensiya tikildi, bəs kompensasiyalarımız?''

24-02-2018 16:30 / Bu xəbər 2671 dəfə oxundu

Zağulba-Sumqayıt yol layihəsinə görə torpaqlarını itirənlər şikayətçidir

"Rezidensiya da tikildi, Sumqayıta yol da çəkildi, ancaq 8-ci ildir ki, götürdükləri torpaqların kompensasiyası bizə tam ödənilməyib”.

Bakının Xəzər rayonu ərazisində - Buzovna qəsəbəsi, Zağulba-Sumqayıt istiqamətindəki yolun kənarında birinci qrup əlil Firəngiz Quliyevanın həyat yoldaşına məxsus 10 sot torpaq sahəsi olub. Firəngiz xanım danışır ki, 8 il əvvəl Dövlət Əmlak Komitəsindən gələrək onlara ərazidən Bilgəh-Sumqayıt avtomobil yolunun keçəcəyini bildiriblər. Torpaq sahiblərinə Buzovnada söküntü işləri ilə əlaqədar yaradılmış komissiyaya müraciət etmək tövsiyə olunub. Firəngiz xanımın iddiasına görə, torpağın hər sotuna görə 7200 manat kompensasiya vəd edilib.

Torpaq sahibləri tələb olunan sənədləri komissiyaya təqdim etsələr də, bir müddətdən sonra ərazidəki torpaqlar hərənin əlindən bir yolla alınıb. Kimisi hədə-qorxu ilə torpağından "əl çəkib”, kimisi şirin vədlərə aldanaraq kompensasiyanın heç yarısını da ala bilməyib və sair. Firəngiz xanımın ailəsi də 8-ci ildir əldən çıxmış torpaq sahəsinə görə əziyyət çəkənlərdəndir:

"Torpağımız rezidensiya ilə üzbəüz yolda yerləşirdi. Rezidensiya tikilib, yol çəkilib, çoxdan istifadədədir. O vaxt sənədlərimizi komissiyaya təqdim etsək də, kompensasiyaya görə bizi get-gələ salmışdılar. Həmin vaxt Buzovna bələdiyyəsində işləyən Mətanət Əkbərova vəd etdi ki, bizə kompensasiyanı almaqda kömək edəcək. Sənədləri götürdü, bir müddət sonra dedi, "Azəryolservis”i məhkəməyə vermək lazımdır. Bizdən başqa daha altı ailə də kompensasiyasını ala bilmirdi. Yığışıb Mətanət xanıma etibarnamə verdik, bütün ailələrin adından Xəzər Rayon Məhkəməsində "Azəryolservis”ə qarşı iddia qaldırdı. Məhkəmə zamanı məlum oldu ki, iddia ərizəsində həmin ərazidə torpaq sahəsi olmayan və tanımadığımız daha dörd nəfərin də adı var”.

Sakinlər araşdıranda üzə çıxıb ki, adları siyahıda qeyd olunanlardan biri Buzovna bələdiyyəsi sədrinin yaxın qohumudur. Onlar Mətanət Əkbərovadan aidiyyəti olmayan adamların adlarının hansı səbəbdən iddia ərizəsinə daxil edildiyini soruşanda xanım həmin adların şəxsən bələdiyyə sədri tərəfindən siyahıya daxil edildiyini deyib: 

"Bir az da araşdırdıq, məlum oldu ki, məsələn, Telman Qəniyevin adını şəxsən bələdiyyə sədri özü siyahıya salıb. Digər üç nəfərsə elə Mətanət xanımın öz yaxın adamlarıdır. Məhkəmə başladı. Ancaq süründürməçilik oldu. 7 ay ötmüşdü, ortada hələ heç nə yox idi. Bir gün Mətanət xanım bildirdi ki, "Azəryolservis” kompensasiyaları ödəməyə razıdır və iddianı geri götürmək lazımdır”.

İddia ərizəsi geri götürülür, bu dəfə Mətanət Əkbərova sakinlərə məsləhət görür ki, "Azəryolservis”dən pulların alınması prosesinin həyata keçirilməsi üçün Sarvan Abbasov adlı şəxsə nümayəndə kimi etibarnamə versinlər. Sakinlər bu təklifi də qəbul edirlər. Bir neçə ay sonra Mətanət Əkbərova növbəti dəfə Firəngiz xanımın qapısını döyür. Bu dəfə pulla gəlir:

"2014-cü il oktyabrın 3-də evimizə gəlib ailə üzvlərimizin yanında həyat yoldaşıma 30 min manat verdi, dedi ki, "bu da sənin kompensasiyan”... Biz etiraz etdik, çünki alacağımız məbləğ 72 min manat olmalıydı. Dedi, bunu götürün, iki gündən sonra 42 min manatı da gətirəcəm. Dediyini kağıza da yazıb yoldaşıma verdi. Əlində torba vardı, içi pul bağlamaları ilə dolu idi. Dedi, hələ başqa vətəndaşlara da pullarını çatdırmalıdır. Bələdiyyə sədri ilə birlikdə gəlmişdi, sədr onu çöldə, maşında gözləyirdi”.

Qısası, söhbət xeyli uzanır, iş o yerə çatır ki, sakinlər bələdiyyə üzvü Mətanət Əkbərovadan polisə şikayət etməli olurlar. Lakin Xəzər rayon 2-ci polis bölməsi cinayət işi başlamır. Sakinlər qərardan Baş Prokurorluğa şikayət edir.

Bu dəfə sakinlərin ərizəsi araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsinə göndərilir. İdarənin müstəntiqi Elnur Novruzov Mətanət Əkbərova tərəfindən aldadıldıqlarını iddia edən sakinlərdən izahatlar alır. Araşdırma 8 ay davam edir. Sakinlər indi də müstəntiq Elnur Novruzovdan şikayət edir və bu dəfə iş BŞBPİ-dən alınaraq Xəzər Rayon Baş Polis İdarəsinə verilir. İş qovluğu əvvəlcə müstəntiq Eldar Əliyevin, sonra digər müstəntiq Kamran Zülfüqarovun icratına verilir.

Firəngiz xanım sözünə davam edir:

"Müstəntiq Kamran Zülfüqarov bir neçə gündən sonra məni və ərim Ağasadıx Əliyevi çağıraraq dedi: "Mənə tam aydındır ki, Mətanət Əkbərova sizə qarşı dələduzluq edib. Onu həbs etmək istəyirəm, amma qorxuram ki, hakim təmin etməsin. Ona görə də siz məhkəmədə gəlib iştirak edin və təsdiq edin ki, Mətanət həqiqətən sizə qarşı dələduzluq edib, sizə düşən 42.000 manatını sizə vermir. Belə olanda hakim onu həbs edəcək və Mətanət Əkbərovadan sizin və digər ərizəçilərin pulunu alıb qaytaracam"”.

Firəngiz xanım danışır ki, Mətanət Əkbərova barədə həbs-qətimkan tədbiri seçilərkən onlara məlum olub ki, o, bundan əvvəl də dələduzluq ittihamı ilə məhkəmə qarşısında dayanıbmış. Bu dəfə də hakim Mətanət Əkbərova barəsində həbs-qətimkan tədbiri seçib. Lakin 3 ay sonra barəsindəki həbs-qətimkan tədbiri dəyişdirilib və o, azadlığa buraxılıb:

"Baxmayaraq ki, Mətanət Əkbərova barədə cinayət işi mənim və həyat yoldaşımın ərizəsi əsasında başlanmışdı, biz zərərçəkmiş kimi tanınmadıq. Sakinlərdən yalnız mərhum Şəfiqə Hüseynovanın vərəsəsi Elman Hüseynov zərərçəkmiş qismində tanındı, cinayət işini məhkəməyə göndərdi. Xəzər Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli hökmü ilə Mətanət Əkbərova 1000 manat cərimə cəzası aldı. Bununla da iş bitdi. Biz pulumuzu ala bilmədik. Mətanət də demək olar ki, cəzasız qaldı”.

Firəngiz xanım deyir, ötən illər ərzində Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyev sakinləri dəfələrlə yanına çağıraraq onlara çatası olan kompensasiyanın Mətanət Əkbərovada olduğunu, şəxsən özü həmin pulları Mətanət Əkbərovadan alıb onlara çatdıracağını vəd edib. Lakin bir gün sakinlər xəbər tutub ki, bələdiyyə sədri onları məhkəməyə verib. Bələdiyyə sədri işguzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirilməsi iddiası, ondan yazılan şikayətlərin təkzib olunması və sakinlərdən müştərək qaydada 400 min manat tutulub ona təzminat kimi verilməsi tələbi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı baxılmamış saxlayıb. Bələdiyyə sədri Bakı Apelyasiya Məhkəməsinə şikayət edib və onun iddiası baxılması üçün yenə Xəzər Rayon Məhkəməsinə göndərilib. Hələ ki, məhkəmə olmayıb.

Sözügedən torpaqlarla bağlı hələ 2014-cü ilin may ayında Nəsimi Rayon Məhkəməsi bir qətnamə qəbul edib. Həmin qətnaməyə görə, 13 vətəndaş həmin ərazidə onlardan dövlət ehtiyacları üçün götürülmüş torpaq sahələrinə görə məhkəmədə iddia qaldırıblar. Lakin cavabdeh tərəf olan "Azəryolservis” ASC məhkəməyə həmin vətəndaşlara 1 milyon manat civarında kompensasiya ödənilməsi ilə bağlı sənədlər təqdim edib. Firəngiz xanım deyir, bu məhkəmə işi başdan ayağa saxtadır:

"Həmin qətnamə üzrə 13 nəfər olan iddiaçıları araşıdırdıqda gördük ki, məhkəməyə o şəxslər müraciət ediblər ki, o şəxslərin yol çəkilişi ilə əlaqədar plana düşən mübahisəli torpaq sahəsində topaqları olmayıb. Nəsimi Rayon Məhkəməsinin 8 may 2014-cü il tarixli qətnaməsi iddianı təmin edib. İddiaçıların sayı 13 nəfər olub. Həmin iddiaçıları araşdırdıqda məlum oldu ki, onlar Mətanət Əkbərovanın və bələdiyyə sədri Mətləb Əliyevin yaxın adamlarıdır. Həmin iddiaçıların adlarını təqdim edirəm

Qəniyev Telman Qəni oğlu - bələdiyyə sədri Mətləb Əliyevin yeznəsidir. Bacısı Almazın həyat yoldaşıdır.
Zeynalov Hüseyinbala Nail oğlu - bələdiyyə sədri Mətləb Əliyevin keçmiş sürücüsü olub. Pulu aldıqdan sonra işdən azad olub.
Hüseynov İsrafil Rafiq oğlu - Buzovna Bələdiyyəsinin üzvü və Bələdiyyənin tabeliyində olan Buzovna qəbirstanlığının rəisidir.
Əkbərova Xədicə Əkbər qızı - Mətanət Əkbərovanın doğma bacısıdır.
İsmayılova İlahə Cavad qızı - Mətanət Əkbərovanın bacısı Əkbərova Xədicə ilə bir yerdə işləyir. Xədicənin rəfiqəsidir.

Qasımov Nazim Cəbrayıl oğlu - Mətanət Əkbərovanın həyat yoldaşıdır.
Cəfərova Ərkinaz Paşa qızı - Mətanət Əkbərovanın yaxın rəfiqəsidir.
Muradova Elnarə Nadir qızı - Mətanət Əkbərovanın tanışıdır.
İlyasov İzzət Məhəmməd oğlu - Mətanət Əkbərovanın tanışıdır.
Kurbatova Sonya Abdullayevna - Mətanət Əkbərovanın yaxın tanışı olub. Bu yaxınlarda vəfat edib. Bu ərizə yazılanda hələ heç qırxı da çıxmamışdı.

Atakişiyev Əlihüseyn Ağabala oğlu - Mətanət Əkbərovanın tanışıdır. O da vəfat edib.
İsgəndərov Məhərrəm Mayis oğlu - Mətanət Əkbərovanın tanışıdır.
Ağakərimov Zakir Afres oğlu - Mətanət Əkbərovanın tanışıdır, vəfat edib.

Bu adamların adından iddia ərizələri yazıldı, saxta arxiv sənədləri düzəldildi, sonra da adlarına "Kapitalbank”da hesablar açıldı, hesablarına büdcədən ümumilikdə 1 milyona yaxın pul köçürüldü, "Azəryolservis”lə bələdiyyə tərəfindən mənimsənildi. Torpaqların bizim kimi gerçək sahibləri qaldı kənarda...”

Firəngiz xanım hələ də Baş Prokurorluğa, prezidentə, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə yazır. Aldığı əlillik pensiyasını bütövlükdə bu teleqramların və məktubların göndərilməsinə sərf edir. O, prezidentdən və hüquq-mühafizə orqanlarından 8 il əvvəl Zağulba-Sumqayıt istiqamətindəki yolun Buzovna hissəsinə düşən ərazidəki torpaqlara görə kompensasiyaların aqibətinin araşdırılmasını və baş verənlərə hüquqi qiymət verilməsini istəyir.

Buzovna Bələdiyyəsindən özünü Ərazi idarəetmə şöbəsinin müdiri kimi təqdim edən şəxs Meydan TV-ə bildirilib ki, bu barədə dəfələrlə bütün qurumlara şikayət ediblər: "Amma müəyyən olunub ki, bu torpaqlar bələdiyyəyə aid deyil, konkret olaraq Kənd Təsərrüfatı Nazirliyinin balansındadır. Buna baxmayaraq, yenə şikayətçilər var. Problem yoxdur, hüquq-mühafizə xidmətləri var, onlara da dərdlərini deyə bilərlər. Bir də deyirəm, o torpaqlarla bizim bələdiyyənin heç bir əlaqəsi yoxdur”.

Siyahıda bələdiyyə sədrinin qohumlarının adının olmasına gəlincə, adını açıqlamaq istəməyən şöbə müdirinin cavabı belə olub: "O adların məsələyə dəxli yoxdur. Sədr də məşğuldur, cavab verməyə vaxtı yoxdur”.

Mətanət Əkbərovaya məxsus olduğu bildirilən telefonlara isə cavab verən olmayıb.///Meydan.Tv