Yazıçı Zümrüd Yağmur ailəsindən imtina etdi

Yazıçı Zümrüd Yağmur ailəsindən imtina etdi

17-04-2018 16:04 / Bu xəbər 1396 dəfə oxundu

Yazıçı Zümrüd Yağmur ailəsindən imtina edib.

O, bu barədə feysbuk səhifəsində açıqlama yayıb. 

Yazıçı bu addımı atmasını yaxınlarına edilən təzyiqlərlə əlaqələndirib: "Artıq uzun müddətdir ki, doğulub böyüdüyüm ailə üzvlərimə müxtəlif təziqlər olur. Niyə? Çünki onların bacısı Zümrüd Yağmurdur və birilərinə görə mən vətən xainiyəm. Bu düşüncəyə şərh verməyəcəm. Sadəcə, burdan bəyan edirəm ki, doğulub böyüdüyüm ailədən necə deyərlər, bağımsızlığımı 18 yaşında elan etmişəm". 

O bildirib ki, azadlığını və əqidəsini heç kəsə güzəştə getməyəcək: "Bu həyatda atamdan daha çox dəyər verdiyim biri də olmayıb, mənim üçün məğrur bir insan kimi məhz qüruru, əl öpməməyi, yaltaqlanmamağı, inandıqları üçün inadkar olmağı və prinsipiallığı dəyər kimi qoyub getmiş o böyük insan övladı üçün rahatsız olub bunu dilə gətirəndə, məndən daha ehtiyatlı olmağı istəyəndə ona belə azadlığım, əqidəmdən güzəştə getməmişəm. Atama getmədiyim güzəşti də indi kimsəyə getmək niyyətində deyiləm". 

"Mənim üçün doğmalıq primal bağdan ibarət deyil. Doğulub böyüdüyüm ailəmlə heç bir əlaqəm yoxdur, şərait elə gətirib ki, yollarımız çoxdan ayrılıb. Hətta bacım dünyasını dəyişəndə ancaq dəfndə iştirak edib geri dönmək məcburiyyətində qalmışam. İndi olanlar, mənə olan basqılar geri addım atmam üçün səbəb ola bilməz. Əgər sizə imtina etməmi açıq dilə gətirmək lazımdırsa, bəyan edirəm ki, mən öz ailəmdən imtina edirəm və bundan sonra onlara olacaq basqıların mənə heç bir aidiyatı yoxdur", - Z.Yağmur bildirib.

Zümrüd Yağmur Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşıdır. 

Fuad Qəhrəmanlı 2015-ci il dekabrın 8-də Nardaran hadisələri ilə bağlı "Facebook"da yazdığı statuslara görə həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülmüşdü.

Fuad Qəhrəmanlı ittihamları qəbul etməmiş, siyasi sifarişlə həbs olunduğunu bildirmişdi.

Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi Fuad Qəhrəmanlının 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

2015-ci il noyabrın 26-sı güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda iksi polis olmaqla, 6 nəfərin öldüyü bildirilir. Rəsmi bilgilərə görə, hazırda Nardaran hadisələri ilə bağlı 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında 87 nəfər göstərilir) şəxs həbs edilib. 

Samirə Əliyeva 
Toplum.Tv