YARIMÇIQ DÖNƏR

YARIMÇIQ DÖNƏR

28-06-2017 03:14 / Bu xəbər 2539 dəfə oxundu

(hekayə)

Şahanə Müşfiq

Ayaqqabının incitdiyi ayağımın ağrısını hiss etməyim deyə tələsik özümü metroya çatdırmağa çalışırdım. Düzdür, "Elmlər Akademiyası” metro stansiyasında qatarda oturmağa yer tapacağına ümid etmək bir gün dünyadakı bütün savaşların bitəcəyinə ümid etmək qədər sadəhövhlük olsa da, ayağımdan başlayıb beynimin ta ən dərin nöqtəsinə qədər yayılan ağrıya tab gətirməyin başqa yolu yox idi. Hələ desəm ki, bu ağrının ucbatından işdə ayaqqabılarımı çıxarıb ayaqyalın gəzmişəm, yəqin, mənə güləcəksiniz. Gülün də, incimirəm. Onsuz iş yoldaşlarım da halıma bir xeyli gülmüşdülər.

Hər zamankı kimi ağzına qədər insanla dolu qatarda özümə birtəhər yer edib dayandım. Adətən, yol gedərkən ya qulaqlıqda mahnı dinlədiyimdən, ya da kitab oxuduğumdan nə ətrafdakı insanlara, nə də ki hadisələrə diqqət edərəm. İnsan o qədər sıx idi ki, kitabı çantadan götürmək belə mümkün deyildi, o ki qala oxumaq. Elmlərdən Həzi Aslanova qədər olan uzun bir yolu kitabsız gedəcəyimi düşünmək həmişə məni vahimələndirib. Yenə sağ olsun telefon və "facebook”...

Qatara daxil olandan oturanlar arasında 12-13 yaşlarında bir oğlan uşağı diqqətimi cəlb etmişdi. Əynində cins şalvar və yaşıl rəngdə qısaqol köynək olan bu uşaq oturduğu yerdəcə yatmışdı. Özü də elə yatmışdı ki, deyərdin doğulandan ilk dəfədir yuxu ilə tanış olub. Üzündə elə qəribə bir məsumluq, kövrəklik vardı ki, bir andaca bütün dünya o məsum çöhrədə alt dodağın kənarında özünə yer etmiş qara xal qədər kiçik və lazımsız göründü gözümə. Azca aralı qalmış dodaqların, qatar hər stansiyada tərpəndikdə xəfifcə titrəyən kirpiklərin ucuna qonmuş hüznə saatlarla, günlərlə ağlamaq olardı. 

Hər şeyi, hər kəsi unudub o xal boyda dünyada uşaqla təkcə qalmışdım. O, gözəl, şirin yuxunun, mən isə onunla bağlı suallarımın içərisində itmişdik. Artıq yavaş-yavaş adamlar seyrəlməyə başlayırdı. Uşağın üzünə o qədər baxmışdım ki, əlində bərk-bərk tutduğu salofanı görməmişdim. Şəffaf salofanın içərisində dönər və yarım litrlik "Coca-cola” var idi. Dönərin yarısı yeyilsə də, sudan heç içilməmişdi.

"Xalqlar dostluğu” stansiyasında uşağın yanındakı oturacaq boşaldı. Yanında oturub bu dəfə daha yaxından üzünə baxdım. Sanki kimsə mənə "uşağı oyat”, Oyat və söhbət et”- deyirdi. Özümdən asılı olmadan qoluna toxundum. Bu ani toxunuşdan rahatsız olub qolunu tərpətdi, amma ayılmadı. Bir neçə saniyə gözləyib təzədən toxundum, bu dəfə həm də "qaqaş” deyə çağırdım. Uşaqdan səs çıxmadı. Maraqlıdır, bu qədər narahat bir yerdə, metronun baş aparan uğultusunda belə dərin yatacaq dərəcədə nə qədər yuxusuz qalmışdı ki? "Əhmədli” stansiyasını keçəndə başa düşdüm ki, bir stansiya sonra hər şey bitə və haqqında heç nə öyrənməmiş onu itirə bilərəm.
 
Bizdən başqa vaqonda bir cütlük vardı ki, onlar da deyəsən, sevgili idilər, başları özlərinə qarışmışdı. Özümü toplayıb onu qorxutmağı belə gözə alaraq daha bərkdən silkələdim, "qaqaş” deyə çağırdım. Oğlan tənbəl-tənbəl gözlərini açdı. Deyəsən, əvvəlcə harada olduğunu anlamayıb key-key üzümə baxdı. Bir də və son dəfə cəhd elədim:
- Qaqaş, oyan, çatırıq.
- Hə?
- Səninləyəm, deyirəm oyan, çatırığee...
- Hara?
- Nə bilim hara... Oyan daa...
Son dəfə cəhd edib bu dəfə gözlərini tam açdı. Bir neçə saniyə üzümə baxandan sonra dilləndi:
- Biz hardayıq?
- Həzi Aslanova çatırıq. Nə bərk yatmışdın?
- Hə... Həzi Aslanov dediz? Axı, mən ora getmirdim.
- Yatıb qalmısan da... Yaxşı özünə gəl, orda düşüb o biri qatarla geri qayıdarsan. Yaxşısan?
- Hə
- Oyandın tam?
- Hə
Yuxulu-yuxulu pıçıldadığından qatarın uğultusu onu eşitməyimə mane olurdu.
- Hardan gəlirsən belə?
- İşdən.
- İşdən? Sənin nə yaşın var ki işləyirsən də... Harda işləyirsən?
- Bazarda araba sürürəm.
- Bəs məktəb?
- Atam öləndən sonra getmirəm, bir il olur.
- Hmm...Anladım... Bəs anan işləmir?
- Yox
- Telefonun var?
- Yox
- Saat neçədə gedirsən işə?
- 6-da evdən çıxıram.
- Bəs anan səni axtarmır?
- Anam 3-4 gündür gedib.
- Hara?
- Nə bilim. Sevgilisi ilə gedib.
Belə bir cavabı gözləmirdim, elə bil məni ildırım vurdu. 
Qatar son stansiyaya çatmamış tuneldə dayanmışdı. Oğlanın çiynindən tutdum, ikimiz də qapıya yaxınlaşdıq. Nə deyəcəyimi, nə soruşacağımı unutmuşdum. Amma hər şeyi öyrənmək istəyi yaxamı buraxmırdı. 
- Həmişəlik gedib anan?
- Yox, gələcək. Gedəndə dedi ki, 4-5 günə qayıdacaq.
- Bəs sən özün harda qalırsan?
- Əcəmidə
- Əcəmidə düşməli idin? Harda minmişdin ki, metroya?
- Dərnəgüldə.
- Yatıb qalmısan deyə düşməmisən?

Deyəsən, sualımdan utandı. Başını aşağı salıb dinmədi. Yaman peşman olmuşdum. Birdən hürkər, daha mənlə danışmaq istəməz. Ax... Dilim-dilim olasan dilim... İstədim nəsə gülməli söz deyib könlünü alım. Amma sözlər zəhər kimi əvvəl dilimi, sonra boğazımı, oradan da ürəyimi yandıra-yandıra əriyib yox oldu.
 
Nəsə demək istəyirdim. Axı, nə? Birdən gözüm yarımçıq dönərə sataşdı:
- Bunu sən yemisən?
(İlahi, sualdakı mənasızlığa bax!)
Uşaq ilk dəfə görürmüş kimi barmaqlarının arasında bərk-bərk saxladığı salofana baxdı:
- Hə, acmışdım.
- Bəs niyə hamısını yeməmisən?
- Pulum çatmadı iki dənə almağa, mən də bir dənə alıb yarısını yedim, yarısını da anama saxladım. Birdən qayıdıb gələr bu gün, evdə yemək yoxdu axı, ac qalmasın.
(Zəhrimar qəhər, geri qayıt...) Udqundum:
- Bəs "Cola”nı niyə içməmisən?
- Mən xoşlamıram, anama almışam, o xoşlayır, gələndə içər.
Daha deməyə sözüm qalmamışdı. Boğazıma qədər gəlmiş qəhəri udmaq üçün təzədən iki-üç dəfə udqundum. Gözlərim bulanıq görməyə başlamışdı. Yaxşı ki, oğlan üzümə baxmırdı. 
Şükür Allaha, qatar stansiyaya çatdı. Qapıların açılmağı ilə özümü çölə atmağım bir oldu. Elə bil boğazımdan yapışıb boğurdular məni. Oğlan da mənlə birgə qatardan düşmüşdü. Yanımda dayanıb üzümə baxırdı. Birdən yadıma düşdü ki, həyatını öyrəndiyim uşağın adını soruşmağı unutmuşam. Gülümsəməyə çalışıb soruşdum:
- Bəs adın nədir, qəşəng oğlan?
Sözüm xoşuna gəlmiş kimi o da gülümsədi:
- Adım Talehdi.
- Maşallah, gözəl adın var, Taleh. Mənim də adım Şahanədir.
- Sizin də maraqlı adınız var.
- Hə, elə deyirlər.
- Müəlliməsiz?
- Yox, jurnalistəm. 
Bayaqdan yuxulayan uşağın gözləri bir andaca açıldı:
- Televizora çıxırsız?
- Yox, mən qəzetdə yazıram. 
- Hə, bildim, bazarda ara-bir qəzetlərdən keçir əlimə, maraqlı gələndə oxuyuram. Nəsə, mən gedim daha.
Birdən birə içimi narahatlıq bürüdü:
- Bura bax, Taleh, istəyirsən səni evinizə aparım?
- Yox, yox, özüm gedərəm, çox sağolun.
- Bax ha, yolda yatmayasan. Yoxsa gecəyə kimi metroda o baş-bu başa gəzəcəksən.
Söhbət etdiyimiz vaxtdan bəri ilk dəfə üzündə səmimi gülüş yarandı. Nədənsə, bu gülüşü yarada bildiyim üçün elə sevindim ki... Bayaqdan bəri ilk dəfə nəyəsə sevindim... Bu vaxt qatar gəldi.
- Ehtiyatlı get, qəşəng oğlan. Yolda yatma. Dönərinin də hamısını ye, anan yeməyini yeyib gələcək, narahat olma...
- Yaxşı, Şahanə! Sağ ol!
"Qapılar bağlanır... Növbəti stansiya "Əhmədli!”
...Qatar ağır-ağır tərpənib qaranlıq tuneldə yoxluğa qarışdı...

Ayağım isə hələ də ağrıyırdı...