"YARAT"-da qeyri-adi tamaşa-aksiya: Tamaşaçılar da oynayacaq

11-07-2018 16:13 / Bu xəbər 403 dəfə oxundu

İyulun 13-də saat 19:00-da "YARAT” Müasir İncəsənət Mərkəzində "Şağ” eksperimental tamaşası nümayiş ediləcək.

AzərTAc-ın verdiyi xəbərə görə, tamaşa yazıçı Sevinc Çılğının qələmə aldığı üç qısa pyes əsasında hazırlanıb. 

Burada bir-biri ilə əlaqəsi olmayan müxtəlif süjetlər arasında tamaşada iştirak edən aktyorlar tərəfindən bağlılıq yaradılır. 

Səhnə əsəri sərgi janrındadır və daha çox aksiya xarakterlidir. 

Aktyorların tamaşa zamanı oyunu poliqon platformasında təcrübədən keçirdikləri spontan aktyor texnikası əsasında qurulub. 

Tamaşanın özünə gəldikdə isə o, eyni zamanda, göstərilən bir neçə hadisədən ibarətdir.

Səhnə əsərinin nümayişi zamanı seyrçilərin oturmağı nəzərdə tutulmayıb. Bundan başqa, tamaşa tam formatda interaktivliyə malikdir. 

Yəni hər bir tamaşaçıya hadisələrin gedişatına müdaxilə etmək icazəsi verilir. 

Ona görə də seyrçilərdən tamaşanın gedişatında dəyişiklik etməyə hazır olmaqları xahiş edilir.