YAP-çı qadın müsavatçının yazılarından “həyəcanlanıb”

YAP-çı qadın müsavatçının yazılarından “həyəcanlanıb”

05-02-2019 16:46 / Bu xəbər 1294 dəfə oxundu

"Mən bura müsavatçılara sözümü deməyə gəlmişəm''

"Bastainfo.com" saytında dərc olunan iki yazıdan təşviş keçirib, qorxuya düşdüyünü iddia edən üç qadından biri fevralın 5-də məhkəmədə dindirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyilə keçirilən məhkəmə prosesində Arzuxanım Məmmədova ifadə verib.

İttihamda yazılıb ki, adıçəkilən şahid "Bastainfo.com" saytında Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsi və Mingəçevir Su Elektrik Stansiyasındakı (SES) qəza nəticəsində ölkənin işıqsız qalması haqda iki məqaləni oxuyub, təşviş, həyəcan keçirib.

A.Məmmədova bildirib ki, axşam dənizkənarı parkda gəzəndə yazıları oxuyub və əsəbiləşib. Oradan birbaşa Bakı Şəhər Prokurorluğuna gəlib. Yazıları oxuduğu saytın adını və məqalələrin sərlövhəsini xatırlamadığını deyən şahid bunu əsəbi olmasıyla izah edib.

Təqsirləndirilən M.Hacılı və vəkili Osman Kazımovun suallarını cavablandıran A.Məmmədova deyib ki, prokurorluqda bir dəfə - şikayətə gedən gün ifadə verib. Hətta məhkəməni inandırmaq üçün övladlarının canına and da içib:

"İki balamın canı üçün bir dəfə ifadə vermişəm. İstəmirəm ki, övladlarım elə yazılar oxusun".

Vəkil onun nəzərinə çatdırıb ki, cinayət işində onun bir neçə ifadəsi var.

A.Məmmədova prokurorluqda təzyiqlərə məruz qalmadığını deyib. Ondan dəfələrlə yazılarda konkret nədən həyəcanlandığı soruşulsa da, cavab verməyib, müsavatçılardan, mitinqdən danışıb:

"Mən bura müsavatçılara sözümü deməyə gəlmişəm. Çox əsəbiləşirəm. Camaatın balalarını çıxarırlar ki, mitinq eləyək".

O, həmçinin YAP-çı olduğunu, 90-cı illərdən bu partiyaya qoşulduğunu bildirib.

M.Hacılı Müsavat Partiyasının üzvüdür. O, rəhbəri olduğu saytda 5 iyulda yayımlanmış "Mingəçevirdəki qəza repressiya maşınını dayandırmayıb", 6 iyulda isə "Azərbaycanlılar özlərinin ictimai müqavimət modelini yaradıb" başlıqlı yazılara görə cinayət məsuliyyətinə cəlb olunub.

M.Hacılı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

İttihamda yazılıb ki, M.Hacılı "Gəncə və Mingəçevirdəki hadisələr nəticəsində bəzi destruktiv qüvvələr arasında yaranmış vəziyyəti özü üçün əlverişli hesab edərək, vətəndaşlar arasında xaos və çaşqınlıq yaranmasına, ictimai-siyasi sabitliyin pozulmasına, kütləvi iğtişaşların törədilməsinə təsir göstərmək məqsədiylə" bu yazıları rəhbərlik etdiyi sayta yerləşdirib.

Xəzər rayon sakinləri olan üç qadın- İlahə Xalidova, Arzuxanım Məmmədova və Zülfiyyə Babayeva o məqalələri oxuyub qorxuya düşüblər və narahatlıq keçiriblər.
M.Hacılı özünü təqsirli bilməyib və ona qarşı ittihamların siyasi motivli olduğunu bildirib.