Voleybolumuz biabırçı vəziyyətdə - Günahkar kimdir?

Voleybolumuz biabırçı vəziyyətdə - Günahkar kimdir?

16-05-2016 15:19 / Bu xəbər 2023 dəfə oxundu

Xəbər verdiyimiz kimi, Azərbaycanın kişilərdən ibarət voleybol milli komandası Gürcüstanda keçiriləcək Avropa çempionatının seçmə mərhələsində iştirak etməkdən imtina edib. "Qafqazinfo” xəbər verir ki, komandamız forma və qida çatışmazlığına görə yarışa qatılmayacağını qərara alıb. 

Bu barədə "Qafqazinfo”ya açıqlama verən milli komandamızın baş məşqçisi Fərid Cəlalovməlumatı təsdiqləyib və problemlərdən danışıb: "Çox pis vəziyyətdəyik. Bilirsiz, mən sizə son 1 ildə yaranmış situasiyadan danışmıram. 1999-cu ildən 2016-cı ilə kimi olan durumdan bəhs edirəm. Problemlər içində boğuluruq. İndiyə kimi burdan maaş almamışam. Amma çalışırıq ki, vətən üçün nəsə edək. Biz idman ölkəsiyik və daima ölkə başçımız idmana diqqət ayırıb. Lakin müəyyən problemlər daim mövcuddur. Bizə maliyyə ayrılmır. Nə qədər ayaqüstə durmağa çalışsaq da, artıq alınmır”.

Baş məşqçi "Azərbaycan Voleybol Federasiyası sizə niyə diqqət ayırmır” sualına belə cavab verib: "Bilirsiz, federasiya deyəndə bizim ağlımıza Faiq Qarayev gəlir. O, hər zaman bizim arxamızda durub. Daim diqqət göstərir, maraqlanır. Amma maddi imkanlar onun əlində deyil. O, dünyaşöhrətli adamdır və voleybol üçün nəsə etmək fikrindədir. Sadəcə indiki problemlər onu da aşır. Axı maliyyə ayrılmır, pul verilmir. Faiq müəllim nə edə bilər ki? Öz cibindən pullar xərcləyib. Təsəvvür edin ki, hansısa məşqçi gedir ona yaxınlaşır ki, mənə bu qədər pul lazımdır, evimə çörək aparmalıyam. Təsəvvür edirsiz ki, komandada olan voleybolçular məşqdən sonra gedib fəhlə işləyir ki, evinə bir tikə çörək aparsın. Peşəkar idmançı belə yaşamalıdır? Bəziləri gecə növbəsində mühafizəçi işləyir. Belə getsə, komanda dağılacaq. Dilənçi kimi yaşayırıq. Buna başqa nə ad vermək olar. Əvvəllər qadın voleyboluna diqqət olurdu, indi onlar da pis vəziyyətdədir”.


Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Faiq Qarayev "Qafqazinfo"ya açıqlamasında problemin artıq həll olunduğunu bildirib: "Komandamız Gürcüstana gedəcək. Bununla bağlı problemləri həll etdik. Amma təkcə Avropa çempionatının seçmə mərhələsinə getməklə komanda düzəlmir. Voleybolda olan problemlər kökündən həll olunmalıdır. Bunula bağlı Gənclər və İdman Naziri Azad Rəhimovla, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşdük. Söhbət elədik və bizə söz verdilər ki, məsələlər həll olunacaq. Ölkə başçısı İlham Əliyevin göstərişlərinə əsasən problemlər yoluna qoyulacaq. AVF-nın prezidenti Ziya Məmmədovla da bu barədə söhbətimiz olub. Onunla da danışdıq. Bütün məsələlər öz həllini tapmalıdır”.

Arqument.az