Venesuelada 15 nəfərdən çox etirazçının öldürüldüyü bildirilir

Venesuelada 15 nəfərdən çox etirazçının öldürüldüyü bildirilir

24-01-2019 16:53 / Bu xəbər 1549 dəfə oxundu

Amerika dövlətləri parlamentin spikerini yeni prezident kimi tanıyıblar

Venesuelada hökumət əleyhinə mitinqlərdə 15 nəfərdən çox adamın öldürüldüyü bildirilir.

"Euronews” telekanalının məlumatına görə, bunu Venesuelada sosial münaqişələrin monitorinqini aparan QHT bildirib. 

Venesuela Milli Assambleyasının (parlament) sədri Xuan Quaido özünü ölkənin müvəqqəti olaraq prezident səlahiyyətlərini icra edən şəxs elan edib. 

O, həlak olanların ailələrinə başsağlığı verib və prezident vəzifəsini müvəqqəti icra edən şəxs kimi and içib.

Şimali və Cənubi Amerika ölkələrini özündə birləşdirən Amerika Dövlətləri Təşkilatı Xuan Quaidonu Venesuelanın yeni lideri kimi tanıyıb.

Bundan başqa Latın Amerikasının ayrı-ayrı ölkələri də onu prezident qismində tanıyıblar. 

Meksika rəsmiləri bəyan ediblər ki, venesuelalılar onları idarə edəcək hakimiyyəti qanuni mexanizmlər vasitəsilə seçməlidirlər.

Venesuelanın prezidenti Nikolas Maduro əleyhinə aksiyalar onun yanvarın 10-da prezident kimi and içərək, ikinci dəfə bu vəzifələri icra etməyə başladıqdan sonra start götürüb.

N.Maduro 2018-ci ilin mayında keçirilən seçkilərdə qalib elan edilib, andiçmə mərasimini isə 2019-cu il yanvarın 10-da keçirib.

Müxalifət seçiciləri nəticələrinin Maduronun xeyrinə olacağının əvvəlcədən məlum olan seçkiləri boykot etməyə çağırıb.

Seçkilərin legitimliyi və şəffaflığı ABŞ və Avropa İttifaqında suallar yaradıb və seçkilərin nəticələri tanınmayıb.

Tərəfdaşları qarşısında çıxış edən N.Maduro ABŞ-ın Venesueladan getməli olduğunu və ABŞ-ın Venesuelanıın siyasətinə və iqtisadiyyatına müdaxilə etməsindən təngə gəldiyini bəyan edib.