Tramp İranı dini rejiminin onurğası “Sepah”dan vurur – Şahin Cəfərli

Tramp İranı dini rejiminin onurğası “Sepah”dan vurur – Şahin Cəfərli

12-04-2019 15:15 / Bu xəbər 1872 dəfə oxundu

Şahin Cəfərli
Siyasi analitik 

Tramp vilayəti-fəqihin onurğasını hədəfə götürdü

Donald Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepahe Pasdarane Enqelabe Eslami) terror təşkilatları siyahısına daxil etdi.

Bu qərar heç şübhəsiz, 1979-cu il islam inqilabından bəri ABŞ-İran münasibətlərində hökm sürən gərginliyi yeni bir səviyyəyə qaldırır. İndiyədək Vaşinqton İrana, o cümlədən SEPAH-a bağlı qurumlara qarşı ən müxtəlif sanksiyalar tətbiq edib, amma ilk dəfədir ki, başqa bir dövlətin silahlı qüvvələri ABŞ tərəfindən terror təşkilatı elan olunur. Bu, çox radikal addımdır və prezident Trampın 2018-ci ilin mayında ABŞ-ın İranın nüvə proqramına dair 2015-ci ildə imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planından çıxdığını elan etməsi ilə başlayan siyasətinin məntiqi davamıdır.

Məlum olduğu kimi, həmin qərardan sonra ötən ilin avqust və noyabr aylarından etibarən mərhələli şəkildə İrana qarşı ABŞ sanksiyaları bərpa edildi. Tramp administrasiyası İran üzərində əvvəllər görünməmiş şəkildə total basqı quraraq onu güzəştlərə və ABŞ-ın şərtləri ilə razılaşmağa məcbur etmək istəyir, A planı budur. 12 maddəlik bu şərtləri dövlət katibi Mayk Pompeo ötən ilin mayında elan etmişdi.

ABŞ İrandan öz nüvə obyektlərini tam və qeyri-məhdud şəkildə beynəlxalq müfəttişlərə açmasını, uranın zənginləşdirilməsini, plutonium emalını dayandırmasını, ağır su ilə çalışan nüvə reaktorunu bağlamasını, ballistik raketlərin istehsalı və yayılmasından imtina etməsini, Yaxın Şərqdə yeritdiyi siyasətdən vaz keçərək Suriyadan bütün qüvvələrini çıxarmasını, "Hizbullah”, HAMAS kimi təşkilatlara dəstəyi kəsməsini, ABŞ-ın bölgədəki müttəfiqlərinə (İsrail başda olmaqla) qarşı təhdidlərə son qoymasını tələb edir.

SEPAH ordu hissələri parad zamanı. İran höküməti SEPAH-ı son illər ölkə xaricindəki hərbi əməliyyatlarda get-gedə daha çox istifadə etməyə başlayıb. Göründüyü kimi, kifayət qədər ağır və kapitulyasiya xarakterli tələblərdir və Tehranın bunları qəbul edəcəyini düşünmək sadəlövhlük olardı. Bunu Vaşinqton da anladığı üçün İrana qarşı sanksiyaları mümkün qədər sərtləşdirərək B planına nail olmaq istəyir. Bu plan İranı iqtisadi kollapsa salıb, ölkə daxilində kütləvi etirazları körükləmək, beləliklə, xaos, hərc-mərclik, hakimiyyətsizlik yaradaraq rejim dəyişikliyinə nail olmaqdan ibarətdir.

SEPAH-ın terror təşkilatı elan edilməsi tamamilə yeni situasiyanın yaranması deməkdir. Bu qərar o mənaya gəlir ki, artıq SEPAH qüvvələri ABŞ-ın bölgədəki hərbi qruplaşması üçün leqal, qanuni hədəfdir. Artıq ABŞ ordusunun bölgəyə cavabdeh olan Mərkəzi Komandanlığı (CENTCOM) SEPAH-ın Suriya başda olmaqla, bölgə ölkələrindəki mövqelərinə, qərargahlarına, silah anbarlarına zərbələr endirə bilər.

İstisna deyil ki, SEPAH-a bağlı olan "Qüds” gücünün əfsanəvi komandanı, regionda son illər İranın nüfuz dairəsinin genişlənməsində böyük rol oynamış general Qasım Süleymani də bu cür hədəflərdən biri olacaq. İran isə öz nöbəsində CENTCOM-u terror təşkilatı elan edib. CENTCOM-un Yaxın Şərqdəki hərbi bazaları İran raketlərinin zərbə məsafəsi daxilindədir. Yəni əslində Trampın qərarı ABŞ və İran arasında müharibə ehtimalını artırıb.

SEPAH-ın terror təşkilatları siyahısına salınması prezident Trampa imkan verir ki, Konqresin icazəsini almadan İranın bu güclü hərbi-kəşfiyyat strukturuna qarşı hərbi əməliyyata sanksiya versin. Söhbət ondan getmir ki, sabah və ya yaxın gələcəkdə ABŞ və İran arasında mütləq müharibə baş verəcək. Sadəcə olaraq, bu qərar administrasiya üçün əlavə imkanlar yaradır və onun mümkün nəticələrindən biri də bu olacaq ki, SEPAH və ona bağlı hər hansı qurumla, şirkətlə əməkdaşlıq ABŞ qanunlarına görə cinayət sayılacaq.

SEPAH təkcə hərbi struktur deyil, həm də İran iqtisadiyyatının önəmli sektorlarını, sənaye müəssisələrini nəzarətində saxlayan, maliyyə axınlarına nəzarət edən bir şəbəkədir, dövlət içində dövlətdir. Bu şəbəkə ilə işbirliyinə gedən dövlətlər, şirkətlər terroru maliyyələşdirmək ittihamı ilə ABŞ-ın sanksiyalarına məruz qalacaq, federal prokurorlar onların əleyhinə cinayət işləri aça biləcək. SEPAH-a silah satan dövlətlər isə öz növbəsində terrorçuları silahlandırmaq ittihamına məruz qalacaq.

Məlum olduğu kimi, SWIFT beynəlxalq banklararası mübadilə və ödəniş sisteminin ABŞ-ın yeni sanksiyalarından çəkinərək İranla əməkdaşlığı dayandırmasından sonra Avropa Birliyi Tehranla ticarəti davam etdirmək üçün yeni ödəniş sistemi yaratmaq üzərində çalışır. Trampın qərarı bu mexanizmin qurulmasını və fəaliyyətini daha da çətinləşdirəcək. Təsadüfi deyil ki, M.Pompeo ABŞ-ın müttəfiqlərini də SEPAH-a qarşı analoji addım atmağa çağırıb.

SEPAH – rejimin paralel ordusu

İranın ali dini lideri Xameneyi SEPAH hərbi birləşmələrinin paradında əsgərlərlə görüşür. İslam İnqilabı Keşikçiləri Korpusunun İranın sistemində oynadığı rolu ayrıca nəzərdən keçirmək yerinə düşər. SEPAH faktiki olaraq, paralel ordudur, çünki digər ölkələrdə olduğu kimi, İranda da hamının bildiyi, başa düşdüyü mənada Silahlı Qüvvələr var. Bəsit ifadə etsək, İran ordusu xalqın, SEPAH isə rejimin ordusudur və birbaşa ali dini rəhbərə tabedir.

1979-cu ildə islam inqilabının qələbəsində tələbələr, fəhlələr və işsizlərdən ibarət formalaşdırılmış islamçı komitələr mühüm rol oynamışdı. İnqilabdan sonra həmin komitələrin əsasında inqilabın müdafiəsi üçün bu yeni korpus yaradıldı. Bütün ordular kimi, SEPAH-ın quru, hərbi hava və hərbi dəniz qüvvələri, həmçinin kəşfiyyat idarəsi var. Şəxsi heyətin say tərkibi haqda dəqiq məlumat yoxdur, qurumun 125 mindən 500 minə qədər əsgəri olduğu bildirilir.

SEPAH İran-İraq müharibəsində döyüş təcrübəsi toplayıb və amorf strukturdan motivasiyası yüksək güclü orduya çevrilib. Məhz həmin müharibənin gedişində bir sıra bacarıqlı komandirlər (Qasım Süleymani də daxil olmaqla) önə çıxıb və indi SEPAH-ə həmin nəsil komandanlıq edir. Qeyd etdiyimizi kimi, SEPAH təkcə hərbi məqsədlər yerinə yetirən struktur deyil, onun dövlətin maliyyə-iqtisadi sistemində də ciddi rolu və nəzarəti var.

Faktiki olaraq, SEPAH ali dini lider tərəfindən idarə olunan çoxşaxəli meqa-holdinqdir və vilayəti-fəqihin bel sütunudur. ABŞ-ın birbaşa bu şəbəkəni hədəfə almasının əsas səbəbi də elə budur. İranı çökdürmək istəyirsənsə, onun onurğasına zərbə endirməlisən.
 
abzas.net