Tələbə: Deyirlər, pambığa gedən tələbələrə imtahanda güzəşt olunacaq

Tələbə: Deyirlər, pambığa gedən tələbələrə imtahanda güzəşt olunacaq

29-10-2018 16:01 / Bu xəbər 1585 dəfə oxundu

''Deyək ki, biz təcrübə toplayırıq, bəs tibb bacılarının, həkimlərin əkin sahələrdə nə işi var?''

"Pambıq yığımı mövsümü başlayandan rayonlardayıq. Dedilər ki, həm təcrübə toplayırsız, həm də pul qazanacaqsız. Amma heç nə qazanmadıq”.

Bunu Azərbaycan Dövlət Aqrar Universitetinin adının açıqlanmasını istəməyən tələbəsi deyir. Tələbələrə deyiblər ki, yığılan pambığın kiloqramı 20 qəpikdən alınacaq.

"Hələ qazancım olmayıb, əvəzinə gündəlik yemək pulu və əlavə xərclər üçün ailəmdən pul almaqdan bezmişəm”, -universitetdən qovulmaq təhlükəsinə görə adını açıqlamaq istəməyən başqa bir tələbə Meydan TV-yə söyləyir.

Təcrübə, yoxsa imtahanda güzəşt?

Universitetin məlumatında bildirilir ki, pambıqçıların yanında olmaq, onlara dəstək nümayiş etdirmək, həmçinin auditoriyalarda əldə olunan nəzəri bilikləri təcrübədə möhkəmləndirmək, tələbələri tətbiq olunan texnologiyalarla yaxından tanış etmək üçün onları pambıq yığımına aparırlar.

Hələ oktyabrın əvvəlindən universitetin Aqronomluq fakültəsinin "Facebook” səhifəsində də tələbələrin pambıq yığımına qatılması barədə məlumat paylaşılıb.

Məlumatda deyilir: "2018-ci il 06 oktyabr tarixində də Azərbaycan Dövlət Aqrar Universitenin Aqronomluq fakültəsinin 100 nəfərdən artıq tələbə və professor –müəllim heyəti Gəncə Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin ərazisinin pambıq sahələsində pambıq yığımı ilə əlaqədar pambıq toplantısında olmuşlar. Pambıq yığımına qoşulan tələbələr bü gün də auditoriyalarda əldə olunan nəzəri bilikləri, innovativ texnologiyaları əyaniliklə öyrənirlər, eyni zamanda yığdıqları pambığın 1 kiloqramına 20 qəpik pul qazanırlar”.

"Hamıya tapşırılıb ki, şərh bölməsində ölkənin pambıq siyasəti ilə bağlı təriflər yazsınlar, fəal iştirak edənlərə imtahanda güzəşt olacaq”, – tələbə deyir. Amma hesab edir ki, heç bir təcrübə toplamırlar: "Nə təcrübə? Pambıq yığıb təhvil veririk, bununla da işimiz bitir. Deyirlər yığım başa çatandan sonra pulumuzu alacağıq. Yeganə təsəllimiz imtahanlarda qiymət yazılmasıdır. Pul qazanmasaq da, heç olmasa qiymət alaq. Deyək ki, biz təcrübə toplayırıq, bəs tibb bacılarının, həkimlərin əkin sahələrdə nə işi var?”

Elə İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar sahə üzrə eksperti Vahid Məhərrəmov da deyir ki, pambıq yığmaqla nəzəri biliyi, təcrübəni artırmaq mümkün deyil:

"Burada ancaq fiziki əməklə məşğul olurlar. Əgər nəzəri və praktiki biliklərini artırmaq istəyirlərsə, o zaman universitet tələbələri sahələrə istehsal prosesini izləmək üçün aparmalı idi”. 
 
"Müəllimlər də pambıq yığımında"

Sabirabadda da kənd məktəblərinin müəllimlərinə pambıq yığımında iştirak etməyi tapşırıblar. Meydan TV əməkdaşı pambıq yığımına qatılan bir neçə müəllimlə görüşüb. İşdən çıxarılma təhlükəsilə üzləşə biləcəklərindən ehtiyatlanan müəllimlər adlarının çəkilməsini istəməyiblər. Yalnız onu deyiblər ki, dərsləri olmayan günlər pambıq yığmağa gedirlər.

"Hələ yığdığımız pambığın pulunu ödəməyiblər. Düzü, mən heç yaxşı yığa da bilmirəm. Günəşin altında qalan kimi başım ağrıyır”, - coğrafiya müəlliməsi belə deyib.

Məktəblərdən birində xadimə işləyən Gülnaz adlı qadın isə deyib ki, qazanc üçün pambığa getməyə razıdır:

"Rəhbərlik uyğun görürüsə, deməli, getməyimiz lazımdır. İstədik, istəmədik, işləyiriksə, deyilənlərə əməl etməliyik. Şəxsən mən narazı deyiləm. İki uşağım məktəblidir, pambıqdan aldığım pulla onların ehtiyacını qarşılaya biləcəm. Qarşıdan qış gəlir, 3-5 manat qazanmaqda nə pis iş var?”

"Həmin müəllimlər, ya həkimlər bizim kimi adi kəndlinin tarlasında işləmirlər"

Büdcə təşkilatlarında çalışanların pambıq yığımına cəlb edilməsi yenilik deyil, ötən illər də rayon icra hakimiyyəti başçılarının göstərişi ilə büdcədən maliyyələşən bütün qurumların qarşısında tələblər qoyulmuşdu.

İmişlidən olan kəndli-fermer Səfər Məmmədov isə deyir ki, o, pambığın kiloqramını 10 qəpikdən alır, amma onun üçün yenə də sərfəli deyil, çünki məhsuldarlıq aşağıdır, xərcləri isə çox olub. "Həmin müəllimlər, ya həkimlər bizim kimi adi kəndlinin tarlasında işləmirlər. Onlar icra hakimiyyətinin məsul işçilərinin, məmurların, iri biznesmenlərin tarlalarında işləyirlər. Hansı ki, hektarlarla sahələri var. Bizim üçün torpaq dolanışıq yeridir”, - fermer söyləyir. Deyir ki, ötən il onun kimi çoxuna pambıq əkməyi tapşırıblar. Amma pambıqçılıqdan çox da məlumatlı deyil, üstəlik pambıq problemlidir, əziyyət tələb edir: "Yalnız birici növ məhsulun alış qiyməti sərfəlidir, amma mənim kimi əksəriyyətinin əkib-becərdiyi pambıq keyfiyyətsizdir”.

"Əhaliyə maksimum 15 qəpikdən ödənilir"

İqtisadçı alim Qubad İbadoğlu isə yazır ki, pambıq tarlada qalıb, yığan yoxdur.

Qubad İbadoğlu

"Beyləqanda pambıq sahələrdə qalıb, çürüyür, zay olur. Alış qiymətinin aşağı olmasına görə yerli əhali pambığa maraq göstərmir. Hazırda pambığın hər kiloqramının yığımına görə əhaliyə maksimum 15 qəpikdən ödənilir. Salyandan isə icra hakimiyyətinin bələdiyyənin və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda icra başçısı pambıq yığımına əhalinin marağının olmamasında gileylənib, təklif edib ki, yığıma təhsil və səhiyyə müəssisələrinin texniki işçiləri cəlb edilsin. Maşınla toplanan pambığın çirklilik dərəcəsi yüksək olduğundan sortu MTK-lar tərəfindən aşağı yazılır. Bunun nəticəsində qiyməti aşağı yazılır”, - İbadoğlu yazır.

"Mövsüm sonunadək 260 min ton məhsul yığılacağı proqnozlaşdırılır"

Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nda xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulur.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, respublikanın 22 rayonunda 132,5 hektar sahədə pambıq əkilib və mövsüm sonunadək 260 min ton məhsul yığılacağı proqnozlaşdırılır.

Vəkil Cavad Cavadov da deyir ki, hansısa kommersiya hüquqi şəxsin "XXX” MMC-nin şəxsi gəlir əldə etməsi üçün könüllü işə cəlb etməsi mümkün deyil. Bu, mümkün olsa idi belə, işçi çatışmazlığı üzündən könüllülərin işə cəlb edilməsi birbaşa qanunla qadağandır:

Cavad Cavadov

"Açıq-aşkardır ki, "könüllülərin” işə cəlb edilməsi məhz işçi çatışmazlığı ilə bağlıdır. Bunlardan əlavə, könüllüləri işə cəlb edən təşkilat onlarla müqavilə bağlamalı, onların həyat və sağlamlıqlarını sığorta etdirməlidir. Pambıq tarlalarında işə cəlb olunan və əvəzi ödənilməyən fəaliyyət "Könüllü fəaliyyət” haqqında Qanunun tələblərinə zidd olduğundan könüllü fəaliyyət hesab edilmir və məcburi əməyə daha çox bənzəyir. Bu isə son nəticədə Konstitusiyanın 35-ci maddəsinin tələblərinin pozulmasıdır”.