Tale Heydərov tutduğu vəzifədən istefa verib

Tale Heydərov tutduğu vəzifədən istefa verib

10-04-2019 16:39 / Bu xəbər 94 dəfə oxundu

İstefanın səbəbləri göstərilməyib

"Qəbələ” futbol klubu prezident Tale Heydərovun tutduğu vəzifədən istefa verdiyini bəyan edib.

Məlumatda istefanın səbəbləri göstərilməsə də, T. Heydərovun kluba 2006-cı ildən rəhbərlik etdiyi bildirilib. Klubun mətbuat xidmətindən Anar Hacıyev Meydan TV-ə bildirib ki, yaxın zamanlarda istefa ilə bağlı açıqlama olacaq.

Tale Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur.

Klub 1995-ci ildə yaranıb. T.Heydərov klubun prezidenti təyin edildikdən sonra, "Qəbələ” Azərbaycan çempionatının güclülər dəstəsinə vəsiqə qazanıb.

Bu illər ərzində klub Azərbaycan çempionatının üç dəfə bürünc medalını, iki dəfə gümüş medalını qazanıb. Azərbaycan kuboku uğrunda yarışlarda "Qəbələ” üç dəfə yarımfinala, üç dəfə finala çıxıb.

Klub 2015-2016-cı və 2016-2017-ci illər mövsümlərində Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Ümumilikdə Avropa kuboklarında "Qəbələ” 36 oyun keçirib, bunların 10-da qalib gəlib, 19-a məğlub olub, 17 oyun heç-heçə başa çatıb.

"Qəbələ” Avropada məşhur ingilis futboçu Toni Adamsı məşqçi kimi dəvət etməklə tanınıb. Toni Adamsdan başqa klubda rusiyalı Yuri Semin, ukraynalı Roman Qriqorçuk kimi keçmiş SSRİ ərazisində tanınmış şəxslər məşqçilik ediblər.

Bundan başqa Tale Heydərovun rəhbərliyi zamanında klubun akademiyası yaradılıb. Mütəxəssislər bu akademiyanı Azərbaycanda uşaq futbol klubları arasında ən yaxşılardan hesab edirlər. T.Heydərovun prezident olduğu zamanda klubun stadionu tikilib.