Sulutəpədə həyətləri su basıb

Sulutəpədə həyətləri su basıb

24-02-2018 18:30 / Bu xəbər 1881 dəfə oxundu

"Azı qırx evin içərisi və həyəti su ilə dolub”

"Hərə həyətində bir motor quraşdırıb, çirkab suları boşaltmaqla məşğuldur”. 

Sulutəpə sakinləri belə deyir.

Bir neçə gün əvvəl yağan yağışın suları hələ də Sulutpədəki bəzi məhəllələrdən sovrulmayıb. Hətta Ruslan Allahverdiyev küçəsində - 15-ci küçə deyilən məhəllədəki həyətlərdə su az qala dizdəndir. Bu küçədə son illər ərzində xeyli ev tikilib. Sakin Elvin Əsgərov deyir, əvvəllər yağış suları kanalizasiya xətləri ilə axıb gedərdi, ancaq üçüncü ildir ki, yağış yağanda kanalizasiya quyuları daşır, ətrafdakı evlərin həyətləri çirkab sularla dolur və günlərlə çəkilmir:

"Üfunətdən baş çatlayır. Həyətə çıxılası deyil. Su evə qədər gəlib çıxıb. Nə bələdiyyə, nə icra hakimiyyəti, nə Fövqəladə Hallar Nazirliyi çağırışımıza gəlmir. Hazırda küçədəki azı qırx ailə bu durumdadır. Uşaqlar da dərsə getmir. Həyət, küçələr dizə qədər kanalizasiya axıntıları ilə dolub”.

Sakin Elnaz Hüseynovanın evini də su basıb:

"Su evin zirzəmisindən döşəməyə çıxıb. Səbəb odur ki, burda ümumi kanalizasiya xəttinin üstünü bir adama satıblar, o da ev tikib və xətti daraldıb. Bir tərəfdən evlərin sayı göbələk kimi artdı, bir tərəfdən də xətt darlaşdırıldı. O gün – bu gün, 3 ildir ki, yağış yağanda kanalizasiya xətləri dolub daşır. Keçən il tez-tez leysanlar oldu. Evimin içərisi yarıya qədər su ilə dolmuşdu. Qonşular da eyni vəziyyətdəydilər. Günlərlə gözlədik, "qaynar xətt”ə bəlkə yüz dəfə zəng vurduq, FHN-dən gəlib çıxmadılar, pul verdik, xüsusi maşın gətizdirdik, evlərimizdəki çirkab suları çölə vurdurduq. Bir sözlə, yiyəmiz yoxdur”.

Binəqədi Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, əraziyə nümayəndə göndərərək məsələni araşdıracaqlar. Sakinlərsə deyir, vəziyyətlə bağlı quruma dəfələrlə məlumat verib kömək istəyiblər.

Bu ərazidə fərdi evlər 2000-ci illərin əvvəlindən tikilməyə başlanıb. Buradakı evlərin çoxu bələdiyyə sənədi əsasında və Binəqədi Rayon İcra Hakimiyyəti ilə şifahi razılaşmayla tikilib.