Solmuş çiçəklər...

Solmuş çiçəklər...

29-01-2018 02:45 / Bu xəbər 3559 dəfə oxundu

Gülər Rasim
 
 (Hekayə)

Atası sevdiyi oğlanın elçi düşməsinə icazə vermədi. 

Qızın başqasına könül verdiyindən duyuq düşən kimi varlı qohumlarından birinə vermək istədi və kənddəki əmoğlusuna xəbər verib qızına elçi gələ biləcəyini dedi. Gözəllikdə ay parçası olan bu qıza elçi düşən az deyildi.

Günlər bir-birini qovmağa macal tapmamış kənddən gələn elçilər qapıda göründülər. İmkanları bol olan elçini görən ata elçilik kəlamları başlamamış: "Qız artıq sizindir”, - dedi. Başlıq pulu istəməkdən də ar etmədi. Təzə qohumların var-dövlətinin yarısına nəfs edən ata pula satdı qızını. 

"Qız razıdırsa, olar” deməyə vaxt tapmadı anası, çünki artıq  var-dövlətini hesablamağa başlamışdı. Elçilər kəndə qayıtmamış qızın könül yarı inadla elçi göndərdi. Ümid edirdilər ki, yəqin, pul hərisi ata gözünün ağı-qarası bircə qızının xoşbəxtliyinə "hə" deyər, pula yox...

Zalım ata elçiləri "Allahın əmri” sözünü demədən evindən qovdu. Qız hələ də atasının insafına ümid edirdi. Var-dövlət gözünü kor etmiş atasının insafa gəlmədiyini görən qız sevmədiyi oğlanın üzüyünü barmağına taxmaqdansa intiharı seçdi. Amma ölə bilmədi, qoymadılar, xilas edə bildilər. Yenə də ata qızının sevgisini əzib keçdi. Toya hazırlaşdıqlarını görən qız sevdiyi ilə qaçıb evlənməyə qərar verdi...

18 yaşı tamam olmamışdı hələ. 2 gün qalmışdı atasının razılığı olmadan, öz istəyi ilə ailə qurmaq yaşını tamamlamasına. Son dəfə dostları ilə vidalaşmağa gizlincə yaşadıqları məhəlləyə qayıtdılar. Vidalaşıb başqa şəhərə köçüb gedəcəkdilər. 

Atasının onları tapmayacağı, xoşbəxt ailələrini qura biləcəkləri düşünürdülər. Ayrılıb hərəsi öz dostu-rəfiqəsiylə görüşüb danışdıqları saatda yenidən görüşüb yola düzələcəkdilər. Vədələşdikləri saatdan 10 dəqiqə gec gəldi görüş yerinə...

Rəfiqəsi ilə söhbətləri uzun sürmüşdü. Görüş yerinə çatanda atasını küçənin başında görən qız donub qaldı. Mağazadan çıxıb sevdiyinin yanına tələsən oğlan özünü itirmədən qıza tərəf qaçmağa başladı ki, atası onları yollarından etmədən sevdiyinin əlindən tutub, qaçıb gedə bilsinlər...

Amma əli qızın əlinə çatmadı. "Kor tale" dedikləri bu olsa gərək. Birdən silahdan atəş açıldı və bircə güllə ümidləri qırıb tökdü. Küçədə dalaşan gənclər də əl saxlayıb bu acı mənzərədən dəhşətə gəlmişdilər. Onlar yaxınlaşanda oğlan artıq ölmüşdü, qız isə canlı ölüyə çevrilmişdi... 

Qan içində sevdiyinin dizi üstə başını qoyan oğlanın gözləri də açıq idi. Gözünü qapamağa bir cüt qız əlinə tamarzı qalmışdı sanki...

Qızın isə dili tutulmuşdu və o gündən sonra heç nə danışmadı, danışa bilmədi. Aylar sonra sevdiyinin bağışladığı və artıq solmuş çiçəkləri də götürüb rəfiqəsinə, - Mən gedirəm, getsəm, xoşbəxt olacağam, - dedi. 

Getdi... Hara getdi, necə getdi, niyə getdi bilinmədi... Getdi, yoxa çıxdı: nə ölüsü tapıldı, nə dirisi. Bəlkə də, sevdiyinə, bəlkə də...