"Siyasi məhbus probleminə son qoyulmalıdır" - Rəsul Cəfərov

08-03-2019 15:04 / Bu xəbər 1325 dəfə oxundu

Sosial şəbəkələrdə "HamısınıAzadEt” həştaqı ilə kampaniya başlayıb. 

Kampaniyanın məqsədi insanların diqqətini Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslərin həbsdən azad edilməsi məsələsinə yönəltməkdir. Kampaniyaya çoxsaylı insan qoşulub.

Kampaniyanın müəlliflərindən, hüquq müdafiəçisi Rəsul Cəfərov Amerikanın Səsinə müsahibəsində bildirib ki, kampaniya ölkə daxilində və xaricində yaşayan bir qrup fəal tərəfindən irəli sürülüb.

"Biz son dövrlər baş verən hadisələri, hakimiyyət tərəfindən atılan addımları nəzərə alaraq bu kampaniyaya başladıq. Hesab edirik hakimiyyətin atdığı addımlar davamlı olmalıdır və adətən mart ayında məhbusların azadlığa buraxılması ilə bağlı hüquqi addımlar (əfv və ya amnistiya) atılır. Biz də istəyirik ki, bu hüquqi addımlardan siyasi məhbuslar, o cümlədən hamı bəhrələnsin. Əvvəlki illərdə bu hüquqi addımlardan müəyyən insanlar, daha az siyasi məhbus, məsələn 3-5 nəfər bəhrələnirdi,” o qeyd edib.

Hüquq müdafiəçisi kampaniyanın əsas çağırışının bütün siyasi məhbusların azad edilməsi və ölkədə siyasi məhbus probleminin köklü şəkildə həll olunması olduğunu deyib: "Azərbaycanda siyasi məhbus prrobleminə son qoyulmalıdır. Hökumətin son addımları, Mehman Hüseynovun müdafiəsi ilə bağlı insanların birliyi, siyasi və ümumi fəallıq bütün siyasi məhbusların azadlıqa buraxılması ilə bağlı bizə ümidlər verib. Hesab edirik ki, siyasi məhbusların azad edilməsi üçün ölkə daxilində çox yaxşı məqam yaranıb və biz bu məqamdan istifadə etməliyik.”

Cəfərovun sözlərinə görə, sosial şəbəkələr həm Prezident Administrasiyası, həm də hüquq mühafizə orqanları tərəfindən izlənilir.

"Bizim məqsədimiz odur ki, onlar siyasi məhbus məsələsinin həllinin bir qrup şəxsin deyil, bütövlükdə Azərbaycan vətəndaşlarının diqqətində olduğunu görsünlər. Biz kampaniyaya martın 6-da başlamışıq, artıq yüzlərlə insan qoşulub. Kampaniyaya yalnız siyasi şəxslər deyil, cəmiyyətin bütün qruplarına aid olanlar qoşulub. İnsanların sayı durmadan artmaqdadır”, - o qeyd edib.

Hüquq müdafiəçisi siyasi məhbus probleminin həlli üçün siyasi iradənin olmasını lazım bilir.

Hökumətin son addımları, Mehman Hüseynovun müdafiəsi ilə bağlı insanların birliyi, siyasi və ümumi fəallıq bütün siyasi məhbusların azadlıqa buraxılması ilə bağlı bizə ümidlər verib.

"Problemin bütövlükdə həlli üşün isə ədalətli məhkəmə sistemi qurulmalı, media, toplaşmaq azadlığı və digər fundamental azadlıqlar bərpa edilməlidir”, - Cəfərov deyib.

Onun fikrincə, siyasi məhbusların azad edilməsi ilə yanaşı səhv qərarlar çıxarmış hakimlər və müstəntiqlər də cəzalandırılmalıdır.

"Bununla Azərbaycan hakimiyyəti nümayiş etdirər ki, siyasi məhbusların olmasında maraqlı deyil və bu istiqamətdə səhv addımlar atmış vəzifəli şəxsləri cəzalandırıb. Bu həm də mesaj olar ki, Azərbaycan haklimiyyəti insanları siyasi mövqeyinə görə hədəfə almayıb və bundan sonra da hədəfə almayacaq”, - Cəfərov qeyd edib.

Hüquq müdafiə təşkilatları ölkədə 130-dan çox siyasi məhbusun olduğunu bildirir. Hökumət rəsmiləri isə siyasi məhbusların olmadığını, insanların qanunlar qarşısında bərabər olduğunu bildirir.

Bununla yanaşı, Avropa Şurasının Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib.

Amerikanın Səsi