Serj Sarkisyan istintaqa çağırıla bilər

Serj Sarkisyan istintaqa çağırıla bilər

02-08-2018 19:07 / Bu xəbər 1882 dəfə oxundu

Müstəntiq: ''Hər hansı vəzifəli şəxs dəyərli məlumat verə biləcəksə, mütləq çağrılıb ifadəsi alınmalıdır''

Ermənistan Xüsusi İstintaq Xidməti sabiq prezident Serj Sarkisyanın və keçmiş Baş nazir Ovik Abramyanın istintaqa çağrılmasını istisna etməyib.

Hər iki şəxsə qarşı əsas ittiham konstitusiya quruluşunun dəyişdirilməsidir ki, burda söhbət 2008-ci il 1 mart olaylarından gedir. O zaman aksiyanın dağıdılması ilə bağlı açılan cinayət işi çərçivəsində sabiq prezident Robert Köçəryan, keçmiş müdafiə naziri Mikael Arutyan və Kollektiv Təhlükəsizlik Təşkilatının katibi Yuri Xaçaturov ittiham olunurlar. Sonuncu girov müqabilində sərbəst buraxılıb.

Bu barədə jurnalistlərin suallarını cavablandıran müstəntiq Xaçatryan deyib ki, istintaqa çağırılmanın qaçılmazlığını işi aparan şəxs həll edir:

"Mən bir neçə dəfə demişəm ki, hər hansı vəzifəli şəxs dəyərli məlumat verə biləcəksə, mütləq çağrılıb ifadəsi alınmalıdır”.

2008-ci il fevralın 19-da Ermənistanda prezident seçkilərində Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifət Serj Sarkisyana uduzduqdan sonra Yerevanın mərkəzində mitinq keçirərək səsvermənin rəsmi yekunlarına etirazını bildirib. Martın 1-2-də keçirilmiş aksiyalarda mitinqçilərlə asayiş keşikçiləri arasında qarşıdurmada on nəfər ölüb, 200-dək insan yaralanıb.

Hazırkı Baş nazir Nikol Paşinyan həmin vaxt Ter-Petrosyanın seçkiqabağı qərargahının üzvü və etiraz aksiyalarının fəal iştirakçılarından biri idi. Hadisələrdən sonra Paşinyan gizləndiyindəın axtarışa verilmiş, amma 2009-cu ildə hökumətə təslim olmuşdu. 2010-cu ildə paytaxt məhkəməsinin qərarı ilə N.Paşinyan kütləvi iğtişaşlar təşkil etdiyinə görə 7 il azadlıqdan məhrum edilib, 2011-ci ildə amnistiyaya əsasən azadlığa buraxılıb.