Seçici siyahıları dəqiqləşdirilir

Seçici siyahıları dəqiqləşdirilir

06-02-2019 16:24 / Bu xəbər 1112 dəfə oxundu

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb.

Bu barədə "Turan" agentliyinə MSK-nın Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, siyahıların dəqiqləşdirilməsinə bütün aşağı seçki komissiyaları cəlb olunub, bu istiqamətdə bəzi rəsmi qurumlarla əməkdaşlıq edilir.

Qurumdan həmçinin bildiriblər ki, məntəqə seçki komissiyaları məntəqələr üzrə seçici siyahılarını fevralın 5-dək dairə seçki komissiyalarına (DSK) təqdim ediblər.

Bundan sonra, DSK-lar dəqiqləşdirmə apararaq ilkin seçici siyahılarını aprelin 5-dək MSK-ya verməlidirlər.

MSK da, öz növbəsində, vahid seçici siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirməlidir.

Bu prosesə ən geci may ayının sonuna qədər yekun vurulması və onun Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilməsi nəzərdə tutulur.

Verilən məlumata görə, hər hansı bir səbəbdən adlarını seçici siyahılarında tapmayan vətəndaşlar MSK-nın 115 nömrəli qaynar xəttinə zəng vura bilərlər. 

Yaxud da bununla bağlı Komissiyanın internet səhifəsində olan onlayn ərizə formasını doldurmaq mümkündür.

Azərbaycanda son seçki 2018-ci il aprelin 11-də (növbədənkənar prezident seçkisi) olub. 

O vaxt ölkədə 5 milyon 300 mindən çox seçicinin qeydiyyatda olduğu rəsmən açıqlanmışdı. 

Amma seçici siyahılarına həmin vaxt müxalifət şübhələrini ifadə etmişdi. Hətta ATƏT-in müşahidə missiyasının hesabatında belə bu məsələyə toxunulmuşdu.