Sabirabadda əhaliyə məcburi pambıq əkini müqaviləsi bağlatdırılır

Sabirabadda əhaliyə məcburi pambıq əkini müqaviləsi bağlatdırılır

23-10-2018 08:41 / Bu xəbər 285 dəfə oxundu

Sabirabad rayonunda əhali indidən gələn il pambıq əkəcəklərinə dair müqavilə bağlamağa məcbur edilir. 

Bu barədə iqtisadçı Qubad İbadoğlu yerli mənbələrdən alıdğı məlumatrlara əsasən feysbukda yazıb.

Məlumata görə, Sabirabad rayonun Ulacalı kəndinə yeni təyin olunmuş icra nümayəndəsi Mehman Cəfərov 21 oktyrabr 2018-ci ildə əkinçiliklə məşğul olan sakinləri iclasa toplayaraq onların boynuna gələn il pambıq əkmək öhdəliyi qoyub və məsələni yerindəcə rəsmiləşdirərək məcburi qaydada müqavilə imzalatdırıb. Mehman Cəfərov iclasda deyib ki, analoji müqaviləni sabah kənd məktəbinin müəllimlərinə də bağlatdıracaq. Sabirabad rayonunun icra başçısı adından danışan kənd icra nümayəndəsi pambıq əkmək öhdəliyinə riayət etməyib qarpız, taxıl, yonca və sair əkənlərin sahələrinə traktor salaraq şumlatdıracağını deyərək onları hədələyib.

İqtisadçının yazdığına görə, rayondan gələn digər məlumatda adının çəkilməməsini istəməyən fermer bildirib ki, Cavad kəndində bu il pambığın məhsuldarlığı çox aşağı olub. Fermer əl ilə yığılan pambığın hər kiloqramına maksimum 15 qəpik ödədiklərini bildirib: "Onsuz da məhsuldarlıq aşağıdır, zərərə düşəcəyik”. Fermerin dediyinə görə, kənddə həyat səviyyəsi aşağı olduğuna, işsizliyin mövcudluğuna görə əhali bu qiymətə pambıq yığmağa könülsüz də olsa razılaşır, çünki işləmək üçün başqa imkan yoxdur. Fermer kənd məktəbinin texniki işçilərinin məcburən pambıq yığımına cəlb olunması faktını da təsdiqləyib.

"Bu rayondan aldığım sonuncu məlumata görə, Sabirabad pambıq zavodu xərclərinin artdığını əsas gətirərək traktorçulara verilən günorta yeməyini ləğv edib. Bundan xəbər tutan traktorçular etiraz edərək bir neçə saatlıq işi dayandırıblar. Ancaq etirazlar və danışıqlar bir fayda verməyib, zavoddan traktorçulara verilən günorta yeməyini bərpa etməyəcəklərini bildiriblər”, – deyə Q.İbadoğlu yazıb.

Azadliq.info