Rəsulzadənin doğulduğu evə növbəti dəfə barelyef vurulub, amma...

Rəsulzadənin doğulduğu evə növbəti dəfə barelyef vurulub, amma...

28-01-2019 13:33 / Bu xəbər 404 dəfə oxundu

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulduğu evinin divarına üçüncü dəfə lövhə vurulub.

Bu məlumatı Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev də təsdiqləyib. Amma yeni barelyefdə sadəcə "Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə anadan olmuşdur" sözləri yazılıb. 

Barelyefdə M.Ə.Rəsulzadənin siyasi xidmətlərinin əksini tapmamasını Ş.Tağıyev belə izah edib: "Onsuz da onun hansı xidmətlər etdiyini hamı bilir. Bunu bir daha sadalamağın yeri yoxdur".

M.Ə.Rəsulzadənin bundan bir neçə gün öncə vurulan barelyefi narazılıqla qarşılanmışdı. Lövhənin üzərində nə onun, nə təmsil etdiyi dövlətin, nə də mənsub olduğu partiyanın (Müsavat Partiyası-r) adı düzgün yazılmışdı. 

Orada "Azərbaycan Dövlət Cümhuriyyətinin rəhbəri, Milli Müsavat Partiyasının banisi Məmmədəmin Rəsulzadə 1884-cü ildə bu evdə doğulmuşdur" cümləsi yazılırdı. Bu üzdən barelyefi dəyişmək zərurəti meydana çıxmışdı.

Ondan əvvəlki barelyefin isə oğurlandığı deyilirdi. Verilən məlumata görə, 2019-cu il yanvarın 15-nə keçən gecə M.Ə.Rəsulzadənin əvvəlki barelyefi evin divarından qoparılıb. Həmin barelyefin oğurlandığı və bunda şübhəli sayılan şəxslərin saxlandığı bildirilir. Keçmiş (birinci) barelyef binanın divarına 1992-ci ildə vurulub. Hazırda həmin binanın uşaq bağçası kimi fəaliyyət göstərdiyi deyilir.

Azadlıq Radiosu