Rəşadət Babayev bu dəfə Qarabağ əlilinin oğlunu döyüb, həbs etdirdi - Prezidentə şikayət

Rəşadət Babayev bu dəfə Qarabağ əlilinin oğlunu döyüb, həbs etdirdi - Prezidentə şikayət

19-07-2018 15:21 / Bu xəbər 938 dəfə oxundu

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev Qarabağ əlilinin oğlunu döyüb.
 
Bu barədə AzPolitika.info-ya mərhum əlilin həyat yoldaşı Elza Qılıncxanova məlumat verib.

Onun sözlərinə görə,  hadisə iyun ayının 25-də Neftçilər prospektində baş verib.  Belə ki, 99 YP 400 dövlət nömrə nişanlı yol polisi avtomobilli yolda hərəkətdə olan 99 HJ 343 dövlət nömrə nişanlı "Naz Lifan” markalı avtomobilin sürücüsünə "saxla” əmri verib. Sürücü Qılıncxanov Şəmsəddin Saday oğlu avtomobili saxlayıb. Polis əməkdaşı ondan sənədlərini tələb edib. Hadisə də bundan sonra olub.

Elza Qılıncxanova deyir: "Oğlum həm də evakuator sürür. "Naz Lifan”ın sənədlərini axtararkən əlinə evakuatorun sənədləri keçib. O da götürüb sənədi qoyub maşının üstünə. Başlayıb "Naz Lifan”ın sənədlərini axtarmağa. Bu vaxt polis əməkdaşı maşının üstündəki sənədə əl atıb. 

Oğlum deyib ki, o başqa sənəddir, götürməyin. Bu vaxt DYP maşınındakı o biri polis (Rəşadət Babayevi nəzərdə tutur – red.) düşüb, oğluma deyib ki, nə "tirpaşlıq” edirsən. Bundan sonra Şəmsəddini təpikləməyə başlayıb. Oğlum da əsəbiləşib vurub öz maşınının ön şüşəsini sındırıb”.

Lakin hər şey bununla bitməyib. R. Babayev Ş. Qılıncxanovu "polisin qanuni əmrinə tabe olmama” ittihamı ilə həbs etdirib və ona 10 sutka həbs cəzası verilib. E. Qılıncxanova deyir ki, avtomobil mərhum Qarabağ əlili Saday Qılıncxanova prezident İlham Əliyev tərəfindən hədiyyə edilib: "Mənim həyat yoldaşım 5 il döyüşüb, axırda ağır yaralanıb. Onu Ağdamda hamı tanıyır. Çox hörmətli oğlan olub. Döyüşdə fərqləndiyinə görə mükafatlar alıb. Axırda cənab prezident ona avtomobil də hədiyyə edib. Oğlum həmin maşını etibarnamə ilə sürür. Polis özü də görür ki, avtomobil əlil ailəsinə prezident tərəfindən verilib. Amma yenə də belə əməllər edirlər. Oğlum təpiyin izinin şəklini də çəkib. Bütün bunlar şəhərin təhlükəsizlik kameralarına da düşüb. Məsələ ilə bağlı Mehriban xanım Əliyevanın qəbuluna düşmək istədim, amma oğlum imkan vermədi”.

Əlil yoldaşı Rəşadət Babayevin oğlundan üzr istədiyini əlavə edib: "Amma mən üzr istədiyini görməmişəm. Deyirlər ki, guya üzr istəyib. Mən isə bu məsələ ilə bağlı apellyasiya şikayəti vermişəm. Araşdırsınlar. Niyə mənim oğlum günahsız yerə 10 sutka həbs yatmalı idi ki? Onu 10 gün içəridə qanunsuz və günahsız yerə saxlayıblar. Həmi gunlərdə işıqlar da söndü, oğlum bişməcə olub. Hazırda müalicə olunur. Mənim həyat yoldaşım bu torpaq uğurunda öz sağlamlığından ona görə keçmədi ki, Rəşadət kimilər onun oğlunu döysünlər… Əvvəla mənim oğlum çox sakit adamdı. Fevralda atasını itirdi, yas içindəyik. O heç vaxt polisin əmrinə tabesizlik göstərməz. Amma tutaq ki, belə bir hadisə baş verib. Onda qanuni tədbirini gorun. Yoxsa siz kimsiniz ki, mənim oğluma təbik, sillə atasınız”.

Qeyd edək ki, Rəşadət Babayevin sürücülərə qarşı zor tətbiq etməsi, nalayiq ifadələr işlətməsiylə bağlı mətbuatda bundan əvvəl də yazılar gedib, hətta videolar paylaşılıb. Onun tabeliyində çalışan polis əməkdaşlarına qarşı da kobud davrandığı bildirilir.

Elza Qılıncxanovannın fikirlərilə bağlı Rəşadət Babayev münasibət bildirməyib.