"ReAL-da hər kəsin bir səsi var" - Azər Qasımlı

05-03-2018 21:42 / Bu xəbər 4023 dəfə oxundu

REAL hərəkatı Milli Şuranın sədri Cəmil Həsənlinin mitinqlərdə birgə iştirakla bağlı çağırışına cavab verib. 

REAL-ın yaydığı məlumata görə, təşkilat Milli Şuranın təşkil etdiyi mitinqlərdə qurum olaraq, təşkilatçılarından biri kimi iştirak etməyəcək. Lakin üzvlər mitinqə qatılmada sərbəstdirlər. 

Arqument.Az-a daxil olan məlumata görə, hazırda həbsdə olan REAL sədri İlqar Məmmədov mitinqdə iştirakın tərəfdarı olub, lakin İdarə Heyəti səs çoxluğu ilə iştirak etməmək barədə qərar verib. 

Arqument.Az mövzu ilə bağlı REAL sədrinin siyasi məsələlər üzrə müavini, Təşkilat Komitəsinin üzvü Azər Qasımlıya müraciət edib: 
 
- Azər bəy, bizdə olan məlumata görə, İlqar Məmmədov mitinqdə iştirakın tərəfdarı olub...

- İlqar Məmmədov qərar verməni Təşkilat Komitəsinin müzakirəsinə buraxdı. Təşkilat Komitəsinin verəcəyi qərarı dəstəkləyəcəyini bildirdi.
 
 - Əgər İlqar Məmmədov "iştirak edin" desəydi, Təşkilat Komitəsi hansı qərarı verəcəkdi?
 
- ReAl-da, Təşkilat Komitəsində hər kəsin bir səsi var.  Əgər səsvermədə yarı-yarıya olsaydı, İlqar bəyin səsi ilə birgə, onda İlqar bəyin səsi sədr olduğuna görə əsas götürüləcəkdi.
 
- Bu məsələ artıq müzakirəyə səbəb olub.
 
- Bu gün gördüyümüz odur ki, çox sadə bir məsələni ciddi ajiotaja çevirmək cəhdi var. Sanki bu məsələni şişirtmək və ReAl-ı qaramaq məqsədi qoyulub. Bizə müraciət edildi, biz də müzakirə edib qərarımızı verdik. Bu qərara hörmətlə yanaşmaq lazımdır.
 
Xatırlatma

Milli Şura fevralın 28-də növbədənkənar prezident seçkiləri öncəsi birgə ümumxalq mitinqləri keçirmək təşəbbüsü ilə Müsavat Partiyası və ReAL hərəkatına müraciət edib.

Müraciəti Milli Şuranın sədri Cəmil Həsənli "Facebook” səhifəsində yayıb. 

Müraciətdə deyilir ki, Milli Şura növbədənkənar prezident seçkilərini boykot edib və müxalifəti birgə mitinq keçirməyə çağırır. 

Müsavat Partiyası və NİDA Vətəndaş Hərəkatı mitinqdə iştirakla bağlı qərar verib. 

Arqument.Az