Qardaşımın barmaqları

Qardaşımın barmaqları

15-04-2019 18:47 / Bu xəbər 1256 dəfə oxundu

Hikmət Sabiroğlu

Daha qapını üzümə açmır anam, "Torpaqdan nə xəbər?” soruşmur. Onun Torpaq davası bitib artıq. Şuşanın 21-ci ilində bitib.

O 21 ildə heç olmamışdı ki, məndən Torpağı xəbər almasın anam. Nə vaxt qapını döyüb evə girirdim, Torpaqdan xəbər istəyirdi. Qarabağ demirdi, Şuşa demirdi, eləcə Torpaq deyirdi.

Bu Torpaq davasında anamın uduzmasından qorxurdum: xəyallarımda üzümü Şuşa torpağına sürtə-sürtə, "Vay dədə, vay dədə” bağırıb atamın qəbrinə doğru qaça-qaça…

Uduzdu anam. Çıxıb getdi.

Qaldı nigaran baxışları.

Qardaşımın barmaqları kimi.

Evimizin uçuqları kimi.

Babamın, atamın əsir məzarları kimi.

…Ayılan kimi gözümün önünə qardaşımın barmaqları gəlir. Fərqi yoxdur yuxudan necə ayılmışam – yaxşı yatmışam, ya pis; iş günüdür, ya şənbə-bazar, bayram; toya gedəsiyəm, ya yasa; bayırda hava yaxşıdır, ya pis: hər yuxudan duranda qardaşımın barmaqları gəlir gözümün önünə.

1991-ci ilin dekabrında dörd aydır işlədiyim "Azadlıq” qəzetinin Qarabağ müxbiri keçdim. Torpaqdan qara xəbərlər gəldiyi bir vaxt Bakıda oturmaq mənə ağır gəlirdi. Dekabrın 29-da artıq Şuşada idim.

O acı xəbəri 1992-ci ilin üçüncü günü çayxanada aldım. Məni "Nazimin əlini şüşə kəsib” adı ilə çağırdılar. Xəstəxananın cərrahiyə otağına girən kimi çökdüm: Nazimin sol əli al qan içində, dağım-dağım idi. Qumbaranın zapalı bir barmağı tamam aparmış, digər barmağı, ovucu ağır yaralamışdı.

Hadisə evdə, düz anamın yanında olmuşdu. Anama xətər dəyməsin deyə Nazim zapalı atmayıb əlində möhkəm sıxmışdı.

Evimizin divarlarına qan belə sıçramışdı.

Yanvarın 9-da qardaşımı yaralılarla dolu olan vertolyotla Bakıya gətirdim. Çox ağır əməliyyatlar üzündən mən uzun müddət şəhərdə qalası oldum. Şuşaya bir də martın 9-da döndüm.

O gedişi bir vaxt belə təsvir etmişəm: "Xocalı müsibətindən sonra şəhər köçürdü. Mən də getdim neçə vaxtdan bəri tək-tənha evimizin çırağını yandıran anamı çıxarmağa”.

Martın 12-də anamı götürüb Bakıya döndüm. İki gün sonra – martın 14-də ermənilərin atdığı raket evimizin külünü göyə sovurdu. Qardaşımın qanı sıçrayan divarlar qaldı bircə…

Anam düşünürdü ki, Nazimin başına gələn hadisə və evimizin yanması bizi daha pis faciələrdən qorudu. Yurdumuz əldən getsə də, babamın, atamın məzarları əsir düşsə də, hər iki oğlunun gözünün qarşısında olması ilə təsəlli tapırdı.

Ölümündən iki gün əvvəl evdə iki cüt kişi ayaqqabısına baxıb necə də fərəhləndi anam. Bizi salamat qoyub gedirdi…

Evimizin uçuqları. Babamın, atamın əsir məzarları. Anamın nigaran baxışları. Bundan böyük nə faciə gələcəkdi iki oğulun başına?!

Bir yol yazmışam: "Şuşada ölmək var. Bir dəfə ölmək. Şuşadan ötrü ölmək. Bir də var Şuşasız ölmək. Hər gün ölmək”.

Paralanmış Torpağım. Qardaşımın barmaqları kimi Torpaq.

Qardaşımın barmaqları – Torpağım mənim…

Novator.az