Prezident və birinci xanım şəhid ailələri ilə görüşüblər (Yenilənib)

Prezident və birinci xanım şəhid ailələri ilə görüşüblər (Yenilənib)

28-01-2019 17:08 / Bu xəbər 1291 dəfə oxundu

***

"Azərtac” agentliyinin görüşlə bağlı xəbərinə görə, prezident İlham Əliyev çıxışında bildirib ki, keçən il prezident seçildikdən sonra ilk Fərmanının şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olub.

Prezident qeyd edib ki, bu Fərmanla 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsinin nəzərdə tutulur və artıq 3 mindən çox şəhid ailəsinin vəsait alıb.

İlham Əliyev vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni Fərman imzaladığını və bu Fərmana əsasən 11 min manat alacaq vətəndaşların sayının artdığını bildirdi.

***

"Həm şəhid olan polis ailələri, həm də vaxtilə sığorta edilmiş vərəsəni ala bilməyən şəhid ailələri vəsaiti alacaq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.

Görüşdə iştirak edənlərdən 1994-cü ildə Ağdərə döyüşlərində həlak olan Nəsimi Rzayevin bacısı qızı Sevinc Quluzadə Meydan TV-yə deyib ki, o tədbirdə çıxış edənlərdən olub:

"Prezident görüşdə bildirdi ki, yeni fərman imzalayır. Buna əsasən həm şəhid olan polis ailələri, həm də vaxtilə sığorta edilmiş vərəsəni ala bilməyən şəhid ailələri vəsaiti alacaq. Bu fərmanla problem həllini tapacaq”.

Sevinc Quluzadə bildirib ki, o, hazırda sənədləri hazırlayıb müvafiq qurumlara təqdim edəcək.

Prezident İlham Əliyev ötən ilin aprelin 19-da "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

Fərmana əsasən şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin (11 min manat) verilməsi mexanizmini müəyyən edən Qaydaların layihəsi hazırlansa da, indiyə qədər bir çox şəhid ailəsi müavinətlərini ala bilmədiklərini deyirlər.

Buna etiraz edən ailələr bir neçə dəfə aksiya keçiriblər. 

Prezident İlham Əliyev bundan əvvəl dekabrın 17-də Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində şəhid ailələrinə 11 min manat pulun verilməsi barədə Fərman barədə danışmışdı. 

Dövlət başçısı deyib ki, təqribən, 10 minə yaxın ailə dövlət tərəfindən pul təminatını alacaq. Hazırda siyahılar dəqiqləşdirilir.

"Bu, dövlətin öz şəhidlərinin qəhrəmanlığına görə göstərdiyi diqqətdir, onların ailələrinə göstərdiyi qayğıdır. Ancaq təbii ki, hər sahədə olduğu kimi, bu sahədə də ədalət prinsipi əsas olmalıdır”.
 
Meydan.tv