''Prezident məktəblinin intiharının araşdırmasına göstəriş verib'' (Yenilənib)

''Prezident məktəblinin intiharının araşdırmasına göstəriş verib'' (Yenilənib)

11-04-2019 17:54 / Bu xəbər 1231 dəfə oxundu

***

16.30. İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Elina Hacıyevanın intiharı ilə bağlı Baş prokuror Zakir Qaralova müraciət edib.

Bu barədə report.az-a E.Süleymanova özü deyib.

İnsan Hüquqları üzrə Müvəkkil Konstitusiya Qanununa uyğun olaraq, bu hadisəni nəzarətə götürərək tam, hərtərəfli və obyektiv araşdırılması, təqsirkar şəxslərin müəyyən olunması və cəzalandırılması ilə bağlı Baş prokurora müraciət etdiyini bildirib:

"İnternet resurslarında və müxtəlif sosial şəbəkələrdə Elinanın ailə üzvlərinin vəziyyəti, əhalinin həssaslığı və xüsusilə uşaqların psixoloji durumu nəzərə alınmadan yayılan təsdiqlənməmiş məlumatlar və mülahizələr çaşqınlığa, psixoloji gərginliyə və hüquq pozuntularına səbəb olub. Odur ki, hər birimiz məsələyə həssaslıqla yanaşmalı, səlahiyyətli dövlət qurumları tərəfindən araşdırmaların nəticələrini və ictimaiyyətə açıqlamalarını gözləməliyik. Bu cür hadisələrin qarşısının alınması və təkrarlanmaması üçün uşaq psixoloqlarının fəaliyyəti artırılmalı, hüquqi maarifləndirmə işi genişləndirilməli və uşaq müdafiə sistemi daha da gücləndirilməlidir".

***

Hicran Hüseynova: ''Bu işdə günahı olan, cəzasını alacaq''

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva aprelin 4-də intihar edən 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva ilə bağlı göstəriş veriblər.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova danışıb (ona.az).

O deyib ki, Prezident və Birinci vitse-prezident məktəblinin intiharının araşdırılmasını tapşırıb:

"162 nömrəli tam orta məktəbin VIII sinif şagirdinin intiharı çox müzakirə olunur. Bunu dərk etmək lazımdır ki, istintaq gedir və araşdırmalar olmalıdır. Kimin bu işdə günahı varsa, onlara qarşı cinayət işi başlanacaq və cəza alacaq”.

Mənbə: google.az

Komitə sədrinin sözlərinə görə, sosial şəbəkələrdə işi dərk etməyən insanlar iradlar tuturlar və populist çıxışlar edirlər: "Xüsusilə qeyd etmək lazımdır ki, bu iş ölkə başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində və nəzarətindədir. Bununla bağlı bütün dövlət qurumlarına - Təhsil Nazirliyinə, Ailə, Qadın və Uşaq Məsələri üzrə Dövlət Komitəsinə, Daxili İşlər Nazirliyinə - xüsusi tapşırıqlar verilib ki, bu iş ciddi araşdırılsın. Belə şeylərdə diqqətli olmaq lazımdır. Çünki burada söhbər uşağın və ailənin hüquqlarından gedir”.

Elina Hacıyevanın intiharı ilə bağlı Bakı şəhəri Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (Özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanılıb.