Pozner

Pozner

25-01-2019 15:11 / Bu xəbər 2437 dəfə oxundu

Mikayıl Qəhrəmanov 

Pozneri bilirsiniz.Zatən biz bir millət olaraq çox zaman hər şeyi bildiyimizi zənn etmirikmi?! Böyük ehtimalla dünyanın heç bir yerində qarşısındakı şəxsə nə isə öyrtəmək istəyən və ya bir şeyi izah etmək istəyərkən "öyrətmək kimi olmasın" ifdəsinə rast gəlməzsiniz. Çünki bu hal yalnız bizim insanımıza məxsusdur. Öyrətmək və öyrənməyin ayıb bir şey olması kimi absurd bir fikri yayğın və işlək hala gətirən də bizlər deyilikmi?! 

Yoxsa bu cür deyimin yaranmasının bir təsadüf olması heç də inandırıcı variantlar arasında deyil. Qayıdaq Poznerə. Əslində qayıtmışkən elə orda qalsaq da olar amma ifadə etmək istədiyim fikri sona çatdırmalıyam. Öyrənmək həvəsində olduğum günlərin birində tanımışam Pozneri. Müsahibənin bir janr kimi nə dərəcədə ciddi və öyrədici olmasının mümkünlüyünü elə Poznerə baxarkən anlamışam. Hətta müsahibələrə hər zaman qeyri-ciddi yanaşan, müsahibə zamanı ciddi suallardan qaçan və onları yumoristik bir formada deyim yerinə düşərsə dəf edən, Rusiyalı məhşur komik və aparıcı İvan Urqantın belə, iki dəfə qonağı olduğu Poznerin proqramında ciddiliyini necə qoruduğunun belə şahidi olmuşam.

Saysız-hesabsız sənət adamlarını, siyasətçiləri, kilsə xadimlərini,aktyor və aktrisaları, elm adamlarını qonaq edən Poznerə bir vaxt sual verirlər ki, bəs məqsəd nədir bu sayda müsahibələr götürməyinizdə? 

Cavabında Pozner deyir: "Mən insanlara kimləri məhşur etdiklərini,kimləri nazir və ya deputat seçdiklərini,kimlərə dinlərini və kilsəni əmanət etdiklərini göstərmək istəyirəm.
Pozner çox az sayda jurnalistlərdəndir ki, sualları ilə öz izləyici kütləsini müəyyənləşdirib və formalaşdırıb. Bir qədər dərin və bir o qədər də izah və şərh tələb etməyən və müsahibinin mənəvi dünyasını,intellektual səviyyəsini açıb ortaya qoyacağ suallar seçməsi özünün də dediyi kimi,təsadüfi deyil. Yaşadığı məmləkətin insanına kimləri hara gətirdiklərini göstərib sonra da etdikləri seçimlə vicdanlarını qarşılaşdırmaq istəyi. Necə də gözəl səslənir. İnsan "kaş bizdə də olaydı" deyir.

Azəri Vandam və videoblogerlər

Zərrə qədər də olsa, vicdan əzabından qaçmaq üçün ölkəmizdə məhşur olan videoblogerlərin sosial şəbəkədəki səhifələrindən və kanallarından uzaq durmağa, məhşurlaşmalarında pay sahibi olmamaq adına Don Kixotvari bir mübarizə üsulu seçmişdim. Gülünc səslənə bilər, amma neyniyək ki, əlimdən başqa cürə mübarizə aparmaq gəlmir. Çalışıram ara-sıra müsahibələrini izləyəm və izləyici kütləsi bir milyona yaxın olan bu insanların düşüncə tərzlərini anlayam.

Ən məhşur olanları Əlixan Rəcəbov və Taleh Yüzbəyovdan başladım. Əlixanın tez-tez müraciət etdiyi mövzunun belə desək "qaqalar" mövzusu olduğunu əvvəlcədən bilirdim və izləmişdim. Müsahibəsində isə onun özünün də, mübarizə apardığı şeyin bir parçası olduğunu gördüm. Bu, güclü aktyorluq oyunu deyildi, bu oynadığın personajin sənə yapışması və ya roldan çıxa bilməmək isə heç deyildi. 

Bu, əslində, mübarizə apardığın şeyi nə qədər mənimsədiyini və nə qədər sən olduğunun bir görüntüsü idi. O kütlənin qəzəbini deyil rəğbətini qazandığının əyani bir sübutu idi. Bunların fərqində olmayan Əlixan niyə ikinci, üçüncü dəfə o mövzuya qayıdıb, 20-25 dəqiqəlik qisametrajlı film və ya videorolik çəksin ki? Və ya qara libasda və qaranlıq fonda bir dəqiqəlik fəlsəfi söhbəti ilə insanları doğruya çəkmə adına lentə aldığı videorolik əvəzinə öz həmyaşıdları olan siyasi dustaqlar haqqında, onların aclıq aksiyası keçirmələri barədə niyə bircə kəlmə fikir bildirmədi? Onu izləyən bir milyonluq kütləyə niyə bu haqda məlumat vermədi? Yoxsa Mehman Hüseynovun qaşında çapıq var deyə ona dəstək olsa, "qaqalar"ın Əlixanı linç edəcəklərindənmi qorxdu? Və ya Taleh deyir: "Mən aktyoram siyasi söhbətlərə rəy bildirmək məcburiyyətində deyiləm". 

O zaman sual yaranır ki, müsahibələrinin birində "Biz videolarımızla kifayət qədər vacib mövzulara toxunmuşuq" deyən sizlərin indi gənc siyasi məhbuslara çatandamı kamerada lentiniz və telefonda internet trafikiniz bitdi?! Biz fikir bildirmək məcburiyyətində deyilik deyirsiniz. Bəs, əzizim, bu ölkənin ən böyük problemi məmurlar, monopoliya, siyasi məhbuslar, əzilən haqlar, rüşvətxorluq və işsizlikdirsə və sənin danışdığın və çəkdiyin mövzular bunlar deyilsə, boşa danışmış olmursanmı? Bir milyona yaxın izləyicini ölkənin əsas problemlərindən agah etməmən səni riyakar qılmazmı? 

"Videolarımda mesajım yoxdur" deyirsən. Türklər demiş, ona eyvallah da, bəs susmağın özü belə izləyicinə ölkədə baş verənlərə etinadsız olduğun mesajını vermirmi? Bu qədər insanı bir video ətrafında toplayıb, hır-hır etməyiniz, mövcud rejimin milləti kütləşdirməyə yönəlik addımlar atması və mümkün qədər siyasi hadisələrdən uzaq tutmağa çalışması amalına xidmət etmiş olmurmu?  

Sizin işiniz yalnız güldürməkdirsə, sosial şəbəkə fenomeni Azəri Vandamdan fərqiniz nədir o zaman? Yumorunuz eyni səviyyəli olmurmu? Əqli çatızmazlığı olan biri etiraz etmək məsuliyyətindən azaddırsa və sadəcə təpik atmaqla sizlərin izləyici kütləsinə bərabər sayda izləyici toplayıbsa fərqiniz nədədir o zaman, əzizim? Taleh Yüzbəyov ən son müsahibələrinin birində, bir-iki sualı cavabladıqdan sonra öz danışıq tərzinə lağ edər və gülərcəsinə "Lap trans kimi danışdım" deyib, müsahibənin sonunda homoseksualların haqlarından dəm vurur. Kərəmi də elə bu yerdə ağlamaq tutur. Elə buna görə də kimləri hara gətirdiyimizi bizə göstərə biləcək bir Poznerə ehtiyacımız var. Pozner müsahibənin sonunda hər zaman bütün qonaqlara eyni sualı verir: Bir gün Tanrı ilə qarşılaşsanız ona nə deyərdiniz?

Bizlər isə bir gün "onunla qarşılaşsaq, nə cavab verəciyik" deyə düşünməliyik...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.