Penitensiar Xidmət aclıq aksiyası xəbərini təkzib edir

Penitensiar Xidmət aclıq aksiyası xəbərini təkzib edir

14-01-2019 14:00 / Bu xəbər 1895 dəfə oxundu

Penitensiar Xidmət həbsxanalarda Mehman Hüseynova dəstək və siyasi məhbusların azad edilməsi tələbi ilə aclıq aksiyası başladığı haqqında məlumatı təkzib edib.

Turan İA-nin xəbərinə görə, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov bu gün bildirib ki, heç bir cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirilmir.

Yanvarrın 13-də İlkin Rüstəmzadə, Bayram Məmmədov, Elçin İsmayıllı, Əhsən Nuruzadə və Qiyas İbrahimovun aclıq aksiyasına başladığı haqqında məlumat yayılıb. 

13 saylı cəzaçəkmədə cəza çəkən dörd məhbus bloger Mehman Hüseynova dəstək üçün və bütün siyasi məhbusların azad edilməsi tələbi ilə aclıq elan edib.

Yanvarın 13-də axşam sosial şəbəkələrdə İlkin Rüstəmzadə, Bayram Məmmədov, Əhsən Nuruzadə və jurnalist Elçin İsmayıllının ictimaiyyətə birgə müraciəti dərc olunub.

Onlar hamısı siyasi məhbus, Rüstəmzadə və Məmmədov isə "vicdan məhbusu" kimi tanınıb.

Müəlliflər qeyd edirlər ki, Mehman Hüseynovun başına gələnlərdən sonra (cəza müddətinin başa çatmasına iki ay qalmış yeni ittiham irəli sürülməsi) onlar repressiyalara birgə müqavimət göstərmək qərarına gəliblər.

"Biz aclıq aksiyasına başlayırıq və digər siyasi məhbusların da qoşulacağına əminik", deyə müraciətdə qeyd edilir.

Onlar bütün siyasi məhbusları birliyə çağırırlar.

"Qurbanlıq qoyun kimi oturub kəsiləcəyimiz günü gözləsək, sabah başımızın altından narkotik, tank və s. tapacaqlar və ya kimisə "döyəcəyik"", deyə bəyanatda bildirilir.

Onlar hesab edirlər ki, Qərbin dəstəyinə arxayın olmağa dəyməz.

"Tüstü-duman dağılandan sonra Qərbdən kimlərsə gələcək, bir qismi dizləri üstə çökdürülmüş və xüsusi xidmət orqanlarının kuklalarına çevrilmiş bir neçə siyasi məhbusun azadlığı müqabilində sövdələşmə əldə olunacaq, sonra da çıxıb bu böyük humanizmi, belə möhtəşəm islahatı gurultuyla alqışlayacaqlar. Neft, avro, dollarlarından çamodanlarına doldurub qayıdacaqlar və naz-qəmzə ilə hakimiyyətə göz vurub yeni repressiyalar üçün yaşıl işıq yandıracaqlar", müraciət müəllfləri belə hesab edirlər.

Fəallar Hüseynovun müdafiəsi üçün və bütün siyasi məhbusların azad edilməsi tələbilə müddətsiz aclıq aksiyasına başladıqlarını bəyan edirlər.

Müəlliflər digər siyasi məhbusları da aclıq aksiyasına qoşulmağa çağırırlar.

Daha bir fəalın, "vicdan məhbusu" Qiyas İbrahimovun anası Şura Əmiraslanova oğlunun da aclıq aksiyasına qoşulmaq niyyətində olduğunu bildirib.

O, bu barədə yanvarın 13-də 2 saylı cəzaçəkmə müəssisəsində oğlu ilə görüşdükdən sonra facebook-da yazıb.

Azərbaycan hüquq müdafiəçilərinin məlumatına görə, hazırda ölkədə 150 siyasi məhbus var.