''Pasha Holding''ə məxsus şirkətin ləğv edildiyi deyilir

''Pasha Holding''ə məxsus şirkətin ləğv edildiyi deyilir

31-10-2018 14:46 / Bu xəbər 1847 dəfə oxundu

"Azerbaijan Fish Factory" MMC oktyabrın 30-da Britaniyadakı törəmə şirkətini ləğv etmək barədə qərarını açıqlayıb. 

Bu barədə həmin ölkədə şirkətlərin reyestrində bildirilir.

"Turan” yazır ki, şirkətin ləğv edilməsi Londonda 1000 lirə kapitalla yaradıldığı gündən 2,5 ay sonra həyata keçirilir. "Baku Caviar Limited" şirkəti 17 avqust tarixində qeydiyyatdan keçib. Şirkətin fəaliyyət sahəsi balıq, xərçəngkimilər və mollyuskların emalı və konservləşdirilməsindən ibarətdir. 

Tələsik bağlanmanın səbəbləri bildirilmir.

"Azerbaijan Fish Factory" MMC 2017-ci il avqustun 8-də yaradılıb. 

Qeydiyyata alınanda şirkət "Neftchala Fish Factory" adlanırdı. Bu yaxınlarda o, yenidən adını dəyişib. İndi şirkət "Azerbaijan Fish Farm" adlanır. Eyni zamanda, bu şirkət haqqında dövlət reyestrində verilən məlumatlar qapalı rejimdədir.

Yeni şirkətin hüquqi ünvanı belədir: Bakı, Neftçilər prospekti, 153. Şirkətin direktoru Nəriman Sərdarlıdır. O, "Pasha Holding" şirkətlər qrupunun investisiya departamentinə rəhbərlik edir. Bu yaxınlığa istinadən yerli media deyir ki, balıq şirkəti Azərbaycanda hakim ailəyə məxsus olan bu holdinqin "törəməsi"dir. "Paşa Holdinq" MMC bu deyilənlərə reaksiya vermir.

Son vaxtlara qədər "Azerbaijan Fish Farm" MMC-nin nizamnamə kapitalının həcminin 310 min manat (183 min dollar) səviyyəsində olması ictimaiyyətə məlum idi.

Bu ilin avqust ayında "Neftchala Fish Factory"/ "Azerbaijan Fish Farm" Əmlak Məsələləri Dövlət Komitəsinin nərə balıq növlərinin yetişdirilməsi üzrə S.Kərimov adına Kür Eksperimental-Təcrübə Zavodunun satışı üzrə investisiya müsabiqəsinin qalibi olub. Şirkət müəssisəyə 3 milyon manatdan artıq və ya 1,8 milyon dollar məbləğində investisiya qoymağı vəd edib.

ƏMDK müsabiqənin nəticələrinə görə qeyd edib ki, investisiyalar yoxolma həddindəki balıq növlərinin artırılması üçün imkan yaradacaq. Burda nərə, qaya balığı, ağ balıq və s yetişdirilməsi planlaşdırılır. Gələcəkdə zavod həmçinin müəssisələri balıq məhsulları və konserv istehsalı üçün lazım olan xammal ilə təmin edəcək.