Osman Gündüz: "Bu qərar təcili ləğv olunmalıdır"

Osman Gündüz:

04-08-2018 13:48 / Bu xəbər 5754 dəfə oxundu

"Buna dərhal reaksiya verilməlidir. Hesab edirəm ki, Nazirlər Kabinetinin bu qərarı normal məntiqə sığmayan biabırçılıqdır".

Bunu Nazirlər Kabinetinin ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması ilə bağlı dövlət rüsumunun artırılması qərarını şərh edən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O.Gündüz hesab edir ki, bu bahalanma ilə bağlı qərar layihəsini hazırlayan məmurlar Azərbaycanda telefon satışından faydalanan qrupun lobbiçiliyini həyata keçiriblər. Onun fikrincə, həmin lobbiçilər ölkədə yeni texnologiyalar, elektron hökumət və rəqəmsal cəmiyyət tətbiqinə də mane ala bilərlər.

O.Gündüzə görə, rüsumlar haqqında belə qərar qəbul edən Nazirlər Kabineti ölkədə innovasiyaların stimullaşdırılmasını, elektron cəmiyyətin inkişafını nəzərdə tutan prezident siyasətinə qarşı çıxır: "Bu qərar ləğv olunmalı, lobbiçilər aşkar olunmalı və onlara qarşı müvafiq tədbirlər görülməlidir".

Nazirlər Kabineti iyulun 31-də «Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri»ni təsdiq edib. Bundan sonra foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödəniləcək.

Cihazın bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda rüsum 30, 200-ə qədər olduqda isə 50 manat müəyyən edilib. Onun bazar qiyməti 201-400 dollar arası olduqda 60, 700 dollara qədər olduqda 70, 1000 dollar olduqda 100, 1001 dollardan yuxarı olduqda isə 150 manat rüsum ödəniləcək. Bundan əvvəl isə bazar qiymətindən asılı olmayaraq, bütün mobil cihazların qeydiyyata alınmasına görə 5 manat dövlət rüsumu ödənilib.

///Azadlıq Radiosu