''Onu döyəndə Abbas özünü irəli verib ki, ciyəri xəstədi, buraxın, məni döyün...''

''Onu döyəndə Abbas özünü irəli verib ki, ciyəri xəstədi, buraxın, məni döyün...''

10-01-2019 17:29 / Bu xəbər 233 dəfə oxundu

Məhbus anası: ''Taleh Bağırzadəni axır vaxtlar çox incidirlər''

Yanvarın 10-da Siyasi Məhbusları Müdafiə Mərkəzi həbsdə olan ictimai-siyasi fəallar haqqında qaldırılan yeni cinayət işləri, buna etiraz olaraq, bloger Mehman

Hüseynovun keçirdiyi aclıq aksiyası və son vaxtlar Qobustan həbsxanasında Nardaran məhbuslarının fiziki və mənəvi təzyiqlərə məruz qalmasıyla əlaqədar toplantı keçirib.

Həbsdəki fəalların ailə üzvlərinin də iştirak etdiyi toplantıda Mərkəzin koordinatoru Oqtay Gülalıyev bildirib ki, siyasi məhbuslarla bağlı vəziyyət son vaxtlar çox ağırdır. Onların arasında elələri var ki, xəstədir, amma müalicəsinə imkan verilmir.

O.Gülalıyev bildirib ki, beynəlxalq təşkilatlar da durumun ağırlığının fərqindədilər. 

Onun sözlərinə görə, AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi, islandiyalı deputat Torhildur Sunna Evarsdottir ölkəyə səfərinə icazə verilməsi üçün ötən ay hökumətə müraciət edib. Lakin ona heç bir cavab verilməyib. Məruzəçi AŞPA-nın yanvarın sonunda keçirilən qış sessiyasında Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinə Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatını təqdim etməlidir.

Müsavat Partiyasının başqanı Arif Hacılı da o fikirdədir ki, hakimiyyət siyasi məhbuslara qarşı daha amansız davranmağa başlayıb. Yada salıb ki, siyasi məhbusların cəzasının başa çatmasına az qalmış onlar haqqında yeni cinayət işi qaldırılıb, cəzanın artırılması tendensiyası sabiq səhiyyə naziri Əli İnsanovdan başlayıb. Sabiq nazirin 11 illik həbsinin başa çatmasına 56 gün qalmış onu Penitensiar Xidmətin əməkdaşına xəsarət yetirməkdə, narkotik tərkibli dərman saxlamaqda ittiham edib, daha 7 il azadlıqdan məhrum ediblər.

A.Hacılı bildirib ki, M.Hüseynovun haqqında yeni cinayət işi başlanması, onun etiraz olaraq, aclıq aksiyası keçirməsi dünyada da əks-səda doğurub:

"The Washington Post” kimi çox nüfuzlu mətbuat orqanı bu barədə ətraflı yazdı, Fransanın Xarici İşlər Nazirliyi bəyanat verdi, ATƏT nümayəndəsi münasibət bildirdi. Biz özümüz də siyasi partiyalar arasında məsləhətləşmələr aparırıq. Siyasi qüvvələr arasında hazırda son 10-15 ildə olduğundan daha sıx əlaqə var. Əminəm ki, bizim bu cür birgə fəaliyyətimiz uğurla nəticələnəcək”.

Siyasi Məhbusları Müdafiə Mərkəzinin üzvü, yazıçı Zümrüd Yağmur bildirib ki, Mehmana qarşı baş verənlər cəmiyyəti birləşdirdi. Azərbaycanda siyasi mübarizə yox, istiqlal savaşı getdiyini deyən yazarın sözlərinə görə, hakimiyyət təfəkkür, yanaşma baxımından yadellilər kimi davranır.

Rəhimə Hüseynova

Nardaran məhbusu Abbas Hüseynovun anası Rəhimə Hüseynova oğlunun da saxlandığı Qobustan həbsxanasında yaşananlardan danışıb. Bildirib ki, orada saxlanan Nardaran məhbuslarını – ilahiyyatçı Taleh Bağırzadə, Abbas Hüseynov, Cabbar Cabbarovu çox incidirlər, onları döyüb işgəncə verirlər:

"Cabbarın da vəziyyəti ağırdır. Onu döyəndə Abbas özünü irəli verib ki, ciyəri xəstədir, məni döyün, onunla işiniz olmasın. Taleh Bağırzadəni axır vaxtlar çox incidirlər. Abbasın başına nələr gətirməyiblər... Hara da gedirik, qəbul eləmirlər. Beynəlxalq Qırmızı Xaç Komitəsi də əhəmiyyət vermir. Ona görə ancaq Allaha üzümü tutub deyirəm ki, bizim başımıza gətirdiklərini onlar da öz balalarından görsünlər”.

Siyasi Məhbusların Müdafiə Mərkəzinin üzvlərindən "Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev isə hesab edir ki, son hadisələr cəmiyyəti hərəkətə gətirib: "Hakimiyyət bu illər ərzində informasiya axınını məhdudlaşdırmaq istəyirdi, bacarmadı. Biz deyirdik ki, bu siyasət yanlışdır, dinləmirdilər”.

Toplantının sonunda həbsdəki ictimai-siyasi fəallardan ikisinin – jurnalist Əfqan Muxtarlı və AXCP üzvü Fuad Əhmədlinin doğum günü qeyd olunub, üzərində onların hər ikisinin şəkli olan tort kəsilib.///Meydan.tv