''Oliqarxların büdcəyə təzyiqləri məhdudlaşdırılır''

''Oliqarxların büdcəyə təzyiqləri məhdudlaşdırılır''

03-09-2018 13:53 / Bu xəbər 4606 dəfə oxundu

Qadir İbrahimli: ''Yeni qaydalar büdcə israfçılığının aradan qalxmasına imkan verəcək''

"Büdcə sistemi haqqında” qanun dəyişdirilib.

Dəyişikliyə görə, 2019-cu büdcə ilindən başlayaraq xərclərin orta və uzunmüddətli idarə edilməsi üzrə yeni qayda tətbiq ediləcək.

İqtisadçı Qadir İbrahimli deyir ki, yeni qaydanın tətbiqi dövlət büdcəsinin neft gəlirlərinin dəyişkənliyindən asılılığının azaldılmasına və büdcə intizamının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə töhvə verəcək:

"Büdcə qaydası ölkənin xalis maliyyə aktivləri əsasında büdcə ili ərzində xərclənə bilən neft gəlirlərinin və icmal büdcə xərclərinin yuxarı hədlərinin hesablanması mexanizmini müəyyən edir”.

İqtisadçı bildirir ki, burada əsas məqsəd xam neft qiymətlərinin yüksək olduğu illərdə və hətta xalis maliyyə aktivlərinin imkan verdiyi halda belə büdcə xərclərinin kəskin artımının qarşısının alınması və beləliklə də büdcənin protsiklliyinin məhdudlaşdırılmasıdır:

"Bu barədə Maliyyə Nazirliyinin rəsmi izahatında bildirilir. Beləliklə, hökumət nəhayət ki, büdcəni oliqarxların nəzarətindən çıxartmaq və neft dollarlarından səmərəli faydalanmaq kursunu götürüb. 2008-ci ilin birinci yarısında neftin qiyməti tarixi rekorda – 147 dollara qalxanda nəqliyyat naziri Ziya Məmmədov bəyanat verdi ki, Bakıda çoxlu körpü-keçid tikintisi planlaşdırılıb, ancaq hələləlik tikiləcək yerlər bəlli deyil.

Qadir İbrahimli

Bu bəyanatda cəmi bir neçə ay sonra neftin qiyməti kəskin ucuzlaşaraq 33 dollara qədər endi və Ziya Məmmədovdan ikinci bəyanat gəldi: Belə getsə, lazımsız layihələrdən imtina edəcəyik. Təbii ki, söhbət neft pullarının amansızcasına israf olunmasından gedirdi. Nəticə göz önündədir – Bakının nəqliyyat infrstrukturna milyardlar xərclənməsinə baxmayaraq bu gün də paytaxtın yollarında problemlər qalmaqdadır”.

Qadir İbrahimli bildirir ki, yeni qaydalar bu israfçılığın aradan qalxmasına və oliqarxların büdcəyə təzyiqlərini azaltmağa imkan verəcək:

"Daha doğrusu, israfçılığın aradan qalxması üçün hüquqi baza artıq yaradılıb. Qaydaların necə icra ediləcəyini çox yaxın gələcəkdə müşahidə edəcəyik”.///Meydan.tv