"O şansı yaradan, xalqda o ümidi oyadan müsavatçılar idilər" - Yadigar Sadıqlı

16-10-2018 13:14 / Bu xəbər 2953 dəfə oxundu

Yadigar Sadıqov
Müsavat Partiyası Divanının üzvü

2003 seçkiləri həmişə müzakirə mövzusu olacaq. 

Lakin burada müzakirələr adətən birtərəfli aparılır. Adətən, Müsavat rəhbərliyinin, şəxsən İsa Qəmbərin tənqidi ilə başlanır, qarşı tərəfdən də cavablar səsləndirilir. 

Tənqidlərlə bağlı arqumentlərimizi çox demişik. Kimisi müəyyən qədər qəbul edib, kimisi yox. Lakin indi məsələyə başqa yöndən yaxınlaşmaq istəyirəm. 

Müzakirələr zamanı belə təəssürat yaranır ki, göydən bir şans düşmüşdü Müsavatın və İsa Qəmbərin əlinə, onlar da bunu bada verdilər. Heç də elə deyil. O şansı yaradan, xalqda o ümidi oyadan, mövcudluğunun 25 ili ərzində hakimiyyətə ən böyük təlaşı yaşadan məhz müsavatçılar idilər. 

Kömək edənlər də vardı. KXCP, ADP, rəhbərliyin qərarına rəğmən bəzən AXCP, az-az hallarda hətta AMİP, VHP və digər partiyaların üzvləri, Qarabağ qaziləri, bitərəf insanlar, ziyalılar, jurnalistlər və s. Lakin fırtınanın əsas yaradıcısı, hərəkətverici qüvvəsi məhz müsavatçılar idilər. İnanılmaz dərəcədə ağır şərtlər altında möhtəşəm fədakarlıq göstərdilər və mümkün olan hər şeyi etdilər. 

İndi tam təsvir etmək çətindir. Səhər evdən çıxanda bilmirdin axşam qayıdacaqsanmı, qayıdacaqsansa hansı halda qayıdacaqsan. Ac, susuz, mənbəyi bilinməyən intəhasız qüvvə hesabına günboyu, həftələrlə hakimiyyətin çöküşü, xalqın qələbəsi üçün fəaliyyət göstərildi. 

Məhz bu fədakarlıq sayəsində Əliyev hakimiyyəti heç zaman olmadığı qədər uçurumun astanasına gətirildi, qələbə bu qədər yaxın oldu. Təəssüf ki, son təkan üçün gücümüz çatmadı, bizdən çox böyük qüvvələr tutub saxladılar, imkan vermədilər. Sonra da həbslər, repressiyalar, işdən qovulmalar, işgəncələr, yapçıların istehzası, qohum-əqrəbanın tənəsi...

O insanların hamısı bu gün Müsavatda deyil. Kimisi küsdü, kimisi yoruldu, kimisi ümidsizləşdi. Bu küskünlük, yorğunluq və ümidsizlik sayəsində bir çoxu kənara çəkildi, bir qisim mövqeyini dəyişənlər də oldu. Amma o zaman müsavatçıların etdiklərinin bir adı vardı - qəhrəmanlıq!

Yazdıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.