Nə çətinmiş uzaqlardan qayıtmaq… - Cəlil Cavanşir

Nə çətinmiş uzaqlardan qayıtmaq… - Cəlil Cavanşir

28-07-2016 12:16 / Bu xəbər 6304 dəfə oxundu

Cəlil Cavanşir

"Sən gedəli...”
 
Sən gedəli,
gözlərimin nəmini
Nə istilər, nə küləklər qurudur.
Nə çətinmiş sənsizliyi yaşamaq
Ağlayanda bu bədheybət "uşağı”
Heç kəs, heç kəs sənin kimi ovutmur…

Sən gedəli,
Bayramları əlim boş.
Uzanıram yatağıma. Gülürəm…
Ya xəstəhal, ya ağrılı, ya sərxoş
Yaşadığın o küçədən tək keçib
Pəncərənə baxıb, baxıb gülürəm…

Sən gedəli
Günlərimin düzümü.
Qarışıb eee, bir-birinə qarışıb.
Sən gedəli hey söyürəm özümü.
Yəqin kimsə eşidibsə,
-danışıb…

Sən gedəli
Bir az sərsəm kimiyəm.
Şirin gəlmir daha sabah yuxusu.
Hərdən yemək bişirəndə, yatıram.
Ayılanda diksinirəm.
İlahi, hardan gəlir yanıq yemək qoxusu?

Sən gedəli,
Hər şey bir az başqadı
Sabahlar da darıxmaqdı,
gecələr də darıxmaq
Sən getdiyin uzaqlardan küsmüşəm
Nə çətinmiş uzaqlardan qayıtmaq…
…Noolar, dön gəl, vallah olmur unutmaq….