"Nazirlər Kabinetinin qərarı Konstitusiyaya ziddir"

06-02-2019 17:24 / Bu xəbər 414 dəfə oxundu

Vahid Məhərrəmli: ''Nazirlər Kabinetinin qərarı əxlaqa sığmır''

Nazirlər Kabineti fevralın 2-də meşələrdə bəzi meyvələrin yığılmasını qadağan edən qərar qəbul edib.

"Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” dəyişikliklərdə qeyd olunub ki, meşədə yığılan hər bir kiloqram alma, armud, və zoğala görə bir manat məbləğində cərimə tətbiq edilir.

Meşədən yığılması qadağan olunanlar siyahısına dərman bitkiləri də əlavə olub: itburnu, çaytikanı, fıstıq toxumu və s. 

Bu növ bitkilərin yığılmasına görə 3-5 manat civarında cərimə nəzərdə tutulub.

Dəyişikliyə əsasən, tökülmüş yarpaqları, meşə döşənəyi və qarğı yığan şəxslər cəzalandırılacaq.

Yeni qanunvericilikdə o da qeyd olunub ki, icazə olmadan meyvə ağaclarının məhsulunu yığan şəxslər həmin məhsulu geri qaytarmalıdır: "Əsassız əldə edilmiş məhsulu eynilə qaytarmaq mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərlə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətləri ilə hesablanır”.

Meşələrin İnkişafı Departamentinin direktor müavini Ağaqardaş Qaraşov yerli mediaya meşələrdə yabanı meyvələrin icazəsiz yığılmasına görə ziyanın və cərimənin tətbiqinin əvvəllər də mövcud olduğunu söyləyib.

Nazirlər Kabinetinin 2004-cü il tarixli 145 nömrəli qərarına görə, cərimələr müəyyən edilmişdi. Sadəcə həmin qərara dəyişiklik olunub və cərimələrin məbləği artırılıb. Son 14 il ərzində cərimələrin məbləği çox aşağı olub.

O bildirib ki, cərimələrə edilən dəyişiklik meşələrin qorunub mühafizə olunmasına və təqsirkar şəxslərin maddi məsuliyyətinin artırılmasına, meşə fonduna vurduqları faktiki ziyana uyğunlaşdırılmasına xidmət edir:

"Meşə ehtiyatlarının mühafizəsi sahəsində səmərəli mexanizmin tətbiq olunması, meşələrə olan müdaxilələrin qarşısının alınması üçün bu qərar mühüm əhəmiyyət kəsb edir. Qərara edilən yeni dəyişikliklərə əsasən meşə ərazilərində icazəsiz yığılan meşə sərvətlərinin hər kiloqramı üçün cərimə məbləği 3 dəfəyədək artırılıb. Məsələn, itburnu, şabalıd, fındıq və dərman bitkilərinin icazəsiz yığılması üçün əvvəl cərimə 80 qəpik idisə, indi 2 manatdır. Çaytikanı, qoz üçün tətbiq edilən cərimə əvvəl 1 manat 20 qəpik idisə, indi 3 manatdır. Ümumiyyətlə, meşə ehtiyatlarının bütün parametrləri üzrə cərimələr artırılıb. Belə ki, mal-qara otarılması, ot çalınması, ağacların və kolların zədələnməsi və s”.

AXCP Rəyasət Heyətinin üzvü, aqrar sahə üzrə mütəxəssis Vahid Məhərrəmov 14 il əvvəl belə bir qərarın qəbul edildiyini təsdiqləyib: "Güman ki, qərarın ictimailəşməsinə hansısa siyasi olay əngəl yaradıb, bəlkə seçki keçirilirmiş. Bu baxımdan qərar ictimailəşmədiyindən cəmiyyət məlumatsız olub”.

Vahid Məhərrəmov meydan.tv-yə açıqlamasında hesab edir ki, Nazirlər Kabinetinin qərarı şərh etmək çətindir.

"Çünki qərar əxlaqa sığmır, bununla hökumət nə demək istəyir, anlaşılmır. Məgər, meşəni də insanların üzünə bağlamaq istəyilər? Dünyanın heç bir yerində meşəni qoruq adıyla insanların üzünə bağladığını eşitməyib, yaxud görməyib. Əlbəttə, ağacların kəsilməsi yolverilməzdir, ancaq bu özbaşınalığı da icra strukturları görür və müvafiq nazirlik onları cərimələsə də, qanunsuzluq dayanmır”.

Vahid Məhərrəmov

O qeyd edib ki, uzun müddət Rusiyada yaşayıb və orada insanlar meşəyə gedib meyvə yığması normal bir şeydir: "Əksinə, insanlara təmiz havaya çıxmaq imkanı yaratmaq lazımdır, meyvəni yığmaqla meşəyə hər hansı mənfi təsiri olmur. Onsuz da, kifayət qədər meyvə meşədə qalır, toxumu yerə düşür və yeni ağaclar yetişir. Meşənin ağacları kəsilmirsə, yetişən meyvənin vaxtında yığılması vacibdir, çünki qalıb çürüməsi üçün, çürüyəndə zərərvericilər yayılır”.

Ekspert deyib ki, meyvəni yığanda budağı sındırırsa, cərimə olunmalıdır: "Amma inanmıram ki, normal insan belə etsin. Meyvəni yığdığına görə insanları cərimələmək hansı əxlaqa sığır?! Onsuz da meşələrdə ağacların kəsilməsi də icra hakimiyyətlərinin göstərişi ilə həyata keçirilir. Yalnız bu sahəyə məsul olan məmurlar meşəyə ziyan vurur”.

Vahid Məhərrəmov bildirib ki, Nazirlər Kabinetinin məqsədi daha çox insanları cərimələyib büdcəni doldurmaqdır, harda mümkündür, cərimə tətbiq edəcəklər: "Artıq meşəyə getməyi qadağan edirlərsə, sabah sahili hasarlanmış dənizə getməyi də qadağan edəcəklər. Beləliklə, insanların sərbəst hərəkət hüququnu tapdalayacaqlar. Necə olur, məmur meşənin bir hissəsini hasarlayıb kef edir. Bilirsiniz, bu proses 14 il əvvəl yox, Heydər Əliyevin 70-ci illərdə Azərbaycana rəhbərlik etdiyi zaman start götürüb, Göy-göl hasarlanmışdı. O vaxt Rusiyadan gələn qonağımı ora aparanda şəhər partiya komitəsindən icazə aldıq. Qonaq heyrətlənmişdi ki, Göy-göl azərbaycanlıların deyil?!”.

Hüquqşünas Ə.Məmmədli "Facebook” sosial şəbəkəsindəki profilində yazıb ki, qərarı qəbul edənlər ölkə qanunvericiliyini yaxşı incələməyiblər, çünki istənilən Qərara dayanaq Qanun olmalıdır.

Nazirlər Kabinetinin (NK) yenidən əl gəzdirdiyi Qərar 1993-cü ilin dekabrında qəbul edilib və o zaman bu günkü Konstitusiya mövcud deyildi. 1995-ci ildən etibarən NK istənilən qərarı Konstitusiyaya ziddirsə tətbiq edilə bilməz. Çünki, 1993-cü ildə qəbul olunan qərarlar 1995-Konstitusiyasına görə ziddiyət varsa tətbiq edilməyəcəkdi. Bu qərarın yenilənməsi onun Konstitusiyaya uyğun yenilənməsini tələb edirdi”.

Ələsgər Məmmədli 

Məsələnin mahiyyətiniizah edən hüquqşünas bildirib: "Konstitusiyanın 71-ci maddəsinin 9-cü bəndində "hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz”, - deyilir. Yəni qısacası, meşədə fərdlərin öz istifadəsi üçün meyvə toplamasını Qanun qadağan etməlidir. Nazirlər Kabineti qərar qəbul edərkən əgər "olmaz”, "qadağandır”, "cəriməsi var”- deyirsə, açıq hansısa Qanunun adına və müvafiq maddəsinə isnad etməlidir. Konstitusiyanın 71-ci maddəsinin 10-cu bəndi də məhz NK kimi qərarlar qəbul edənlərə xatırlatma edir: Xüsusi dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər”.

Ələsgər Məmmədli hesab edir ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərar Konstitusiyaya və Meşə Məcəlləsinə ziddir: "Siz səlahiyyətlərinizi Allahdan almırsınız, Konstitusiyadan alırsınız. Orada yazılmayıbsa bütün meşələrdə giləmeyvə, meyvə, yarpaq toplamaq qadağandır, o zaman qadağa və cərimə qoya bilməzsiniz”.

Hüquqşünas bildirib ki, 30 dekabr 1997-ci il-də qəbul edilən Meşə Məcəlləsinin 53-cü maddəsində fiziki şəxslərin meşələrdə olması Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmadıqda, fiziki şəxslər haqqı ödənilmədən meşələrdə olmaq, şəxsi istifadələri üçün yabanı meyvə, giləmeyvə, göbələk, gərzəklilər və digər meşə sərvətləri, dərman bitkiləri, texniki xammal yığmaq, mədəni-sağlamlaşdırma, turizm və idman tədbirlərində iştirak etmək hüququna malik olduğu bildirilir.

O qeyd edib ki, Nazirlər Kabinetinin qərarında istisnaları görmürük və bəhs edilən meşə meyvələrinin, yarpaqlarının toplanmasını birbaşa meşəyə dəyən zərər hesab edilir və hər hansı fərdi istifadə üçün fiziki şəxslərin meşədən istifadəsini istisna kimi göstərmir: "Xüsusi qoruqlardan, parklardan yox, bütün meşə təsərrüfatından bəhs edir. Odur ki, Qərar Konstitusiyaya və Meşə Məcəlləsinə ziddir”.