Nazirlər Kabineti: Azərbaycanda yoxsulluq səviyyəsi 5,1 faizdir

Nazirlər Kabineti: Azərbaycanda yoxsulluq səviyyəsi 5,1 faizdir

06-03-2019 15:18 / Bu xəbər 217 dəfə oxundu

Natiq Cəfərli: ''Azərbaycanda rəsmi göstərilən yoxsulluq səviyyəsi reallığa uyğun deyil''

2018-ci ilin yekununda Azərbaycanda yoxsulluğun səviyyəsi 5,1 faiz təşkil edib. Bu barədə Nazirlər Kabinetinin ötənilki fəaliyyəti ilə bağlı hesabatında qeyd olunub.

Sənədə əsasən, bu, 2017-ci illə müqayisədə 0,3 faiz azdır.

İqtisadçı Natiq Cəfərli rəsmi elan olunan göstəriciyə zarafatla münasibət bildirib. Deyir, açıqlanan rəqəmlərdən sonra dünya Azərbaycana baxıb qibtə edəcək, ah çəkəcək, köks ötürəcək.

İqtisadçı vurğulayıb ki, bu göstərici bir çox inkişaf etmiş Avropa Birliyi ölkələrində daha yüksəkdir:

"Latviyada – 27, Rumıniyada – 24, Bolqarıstanda – 22, Litvada – 21, Almaniyada – 16, İsveçdə – 13, Danimarkada – 13, Avstriyada – 12 faizdir. ABŞ da isə 20 faizdən çoxdur”, - deyə, o əlavə edib.

N.Cəfərliyə görə, Azərbaycanda rəsmi göstərilən yoxsulluq səviyyəsi reallığa uyğun deyil və bunun da çox sadə səbəbi var. Onun fikrincə, Azərbaycanın istinad etdiyi yoxsulluq həddi indikatorları köhnədir, real deyil, orada yoxsulluq səviyyəsi çox aşağı göstəricilərlə hesablanır. N.Cəfərlinin deməsinə görə, Almaniyada aylıq gəliri 950 avrodan az olanlar kasıb sayılırlar, yəni təqribən 1900 manatdan aşağı gəliri olan yoxsuldur:

"Bizdə isə camaat 1900 manat maaş almaq, pul qazanmaq üçün day-day axtarır...”.

Natiq Cəfərli

İqtisadçının vurğulamasına görə, ABŞ-da illik gəliri 20 min dollardan az olanı yoxsul sayırlar: "Yəni bizdə hökumət "rəqəmlərlə rəqs edərək” yoxsul insanların ümumi əhaliyə nisbətən sayını Amerikadan, Almaniyadan az çıxardır. Çox demirəm, bizdə yoxsulluq həddi 500 manat, dörd nəfərlik ailə üçün 2000 manat olsa, ölkənin 70-80 faizi yoxsulluq həddinə düşər…”.

Azərbaycanda yoxsulluğun səviyyəsi 2003-cü ildə 44,7, 2004-cü ildə 40,2, 2005-ci ildə 29,3, 2006-cı ildə 20,8, 2007-ci ildə 15,8, 2008-ci ildə 13,2, 2009-cu ildə 10,9, 2010-cu ildə 9,1, 2011-ci ildə 7,6, 2012-ci ildə 6, 2013-cü ildə 5,3, 2014 və 2015-ci illərdə 5, 2016-cı ildə isə 5,9 faiz təşkil edib.

meydan.tv