''Nazirin iş yerləri və əməkhaqları barədə məlumatı yanlışdır''

''Nazirin iş yerləri və əməkhaqları barədə məlumatı yanlışdır''

20-12-2018 16:52 / Bu xəbər 1886 dəfə oxundu

Nemət Əliyev: "Vəsaitin alıcılıq qabiliyyəti nəzərə alınmalıdır”

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son 10 ildə Azərbaycanda 2 milyondan çox iş yerinin açıldığını və bunlardan 1,6 milyon iş yerinin daimi olduğunu deyib. 

Azərbaycan Respublikası Milli Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının V qurultayında çıxış edən nazir bu vaxt ərzində nominal əməkhaqqının 6,6 dəfə artdığını bildirib.

Nazirin dediklərini Meydan TV üçün şərh edən iqtisadçı Nemət Əliyev deyib ki, Sahil Babayev əməkhaqqı barədə danışarkən bir məsələnin üzərindən sükutla keçib.

"Ola bilər ki, 2014-cü ilə qədər əməkhaqqlarının normal həcmində artım var idi. Amma 2015-ci il ərzində olan artımların hamısı sıradan çıxdı. Orta aylıq əməkhaqqının alıcılıq qabiliyyəti üzrə səviyyəsi 566 dollardan 300 dolların aşağısına düşdü. Belə olanda nominal əməkhaqqının səviyyəsinin artmasından hansı məntiqlə danışmaq mümkündür?!”

O hesab edir ki, əməkhaqqının nominal səviyyəsinin artması haqda danışanda gərək vəsaitin alıcılıq qabiliyyətini nəzərə alasan.

"Yekun etibarı ilə əhalinin həyat səviyyəsinin yaxşılaşması barədə danışmaq doğru olmazdı. Məmurlar əməkhaqqından danışanda insanların həyat səviyyəsinə təsirini də unutmasınlar. Bu baxımdan qiymətlərin artım tempi ilə bunu müqayisə etmək çox vacibdir”.

Nemət Əliyev

Nemət Əliyev Dövlət Statistika Komitəsinin bir neçə gün əvvəl açıqladığı hesabatı xatırlayaraq əlavə edib ki, sənədə görə əməkhaqlarının nominal səviyyəsi azalıb.

"10 aylıq dövrdə orta əməkhaqqı 540,5 manat idisə artıq 540 manata enib. Qiymətlərin artması da bura əlavə olunsa, daha aydın təəssürat yaranır”.

2 milyon iş yerinin açılması məsələsini şərh edən ekspert hesab edir ki, mövcud iş yerlərinin təkrar uçota alınması istiqamətində görülən işləri hökumət yeni iş yerləri kimi təqdim edir.

"Bu, ictimai rəyi aldatmaqdır. Əgər hökumətin statistikası əsasında açıqlan iş yerlərinin hesabatı aparılsa, məlum olacaq ki, açılan iş yerlərinin sayı əmək qabiliyyətli insanların sayından da çoxdur. Birinci növbədə yeni iş yerləri barədə danışanlar bağlanmış iş yerlərinin statistikasını ortaya qoysunlar ki, nəticə etibarı ilə tarazlıq itməsin. Bu mənada yeni iş yerləri barədə bəyanatlar ictimai fikri aldatmaq məqsədi güdür”.

Nemət Əliyev deyib ki, bütün hallarda iş yerləri və əməkhaqları barədə məlumat yanlışdır, çünki göstəriclər əhalinin real həyat səviyyəsində özünü göstərmir.