"Nazir müavininin ölkədə və xaricdə çoxlu sərvəti var" - "Unikal" qəzeti

14-04-2019 17:05 / Bu xəbər 194 dəfə oxundu

Nazir müavininin Bakıda, regionlarda və Dubayda çoxsaylı sərvətinin olduğu deyilir.

Bu barədə xəbər "Unikal” qəzeti məlumat yayıb. 

Qəzet yazır ki, Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev böyük var-dövlətə sahibdir: "Nazir müavini Bakıda – Milli Dənizkənarı Parkla üzbəüz inşa edilmiş yeni yaşayış binasının bütöv bir mərtəbəsini satın alıb. Ümumilikdə 1000 kv.metr sahəyə malik bu mərtəbədə mənzillə bərabər, sauna, eləcə də bilyard və tenis zalı da yerləşir". 

"Y.Musayevin paytaxtdakı dəbdəbəli daşınmaz əmlakı bununla da kifayətlənmir. O, Bakı Univermağının yanında və paytaxtın "Tarqovı" adlanan mərkəzi hissəsindəki yeni binaların hər birində də bütöv bir mərtəbəyə sahibdir. Bundan başqa Badamdarda lüks villası olan nazir müavininin Nabran, Şamaxı və Buzovnada  mənzərəli yerlərində də təmtəraqlı mülklərə sahib olduğu bildirilir", - qəzet yazır.  

Türkiyədə otelinin olduğu deyilən Y.Musayev qardaş ölkənin bank hesablarında da yüksək məbləğdə vəsaitə malikdir: "Dubayda da obyektlərinin olduğu deyilən nazir müavininin həm bu şəhərdə, həm də Türkiyədəki  biznesini İlqar adlı qayını vasitəsilə idarə etdiyi də gələn məlumatlar arasındadır".

Y.Musayevlə bağlı olan məlumatlar arasında onun ölkədən müxtəlif vaxtlarda nağd pul çıxardığına dair iddialar da yer alır. 

Nazir müavininin oğlunun dəbdəbəli həyatı da diqqətçəkicidir: "O xeyli sayda bahalı avtomobilləri ilə öyünür, qız dostlarına ev hədiyyə etməsi ilə tanınır, əyləncəyə meyllidir. İlin çox hissəsini Dubayda bu cür əyləncələrdə keçirir". 

60 yaşlı Y.Musayev 2006-cı ildən müdafiə sənayesi nazirinin müavini postunu tutur. 
 
Yəhya Musayev yayılan məlumatı təkzib etməyib.