Natiq Cəfərlidən Samir Şərifova cavab

Natiq Cəfərlidən Samir Şərifova cavab

05-12-2018 14:29 / Bu xəbər 562 dəfə oxundu

Natiq Cəfərli,
İqtisadçı-ekspert

(Samir Şərifovun manatla bağlı səs-küy, çaşqınlıq yaradan sözlərinə cavab)

Samir Şərifovun dediyində bəlli həqiqətlər də var: İqtisadi nəzəriyyələrə görə doğrudan da qeyri-neft sektorunda, real sektorunda istehsalı və ixracatı güclü olan və turizm sahəsinə üstünlük verən ölkələr həmişə çalışırlar ki, öz milli valyutaları ciddi şəkildə dəyər qazanmasın. 

Milli valyutası zəif olan ixracatçı ölkələr daha çox ixracat etməyə, daha çox turist qəbul etməyə meyilli olurlar. Məsələn, bu ilin avqust-sentyabr aylarında Türkiyədə lirə kəskin dəyərdən düşməsinə baxmayaraq, turizm sahəsində çalışanlar bundan yaxşı qazanc götürdülər, çünki həmin dövrdə ölkəyə gələn turist sayında 2017-ci ilin eyri dövrünə görə 18%-ə yaxın artım oldu. 

Azərbaycan əgər turizmi inkişaf etditmək və qeyri-neft sektorunun ixracatını artırmaq istəyirsə, təbii ki, manatın məzənnəsinin çox möhkəmlənməsinə çalışmamalıdır (sadəcə Samir müəllim hansı möhkəmlənmədən danışır – bunu anlamadım, manat dollar qarşısında 19 aydır ki, eyni vəziyyətdədir), amma problem ondan ibarətdir ki, bizdə istehsal sahələri çox zəifdir. 

Qeyri-neft ixracatı kənd təsərrüfatından kənara çıxa bilmir, çox zəif inkişaf edib. Buna görə də bizdə manatın məzənnəsinin dəyişməsi, dolların bahalaşması bütün sahələrə ciddi təsir göstərir, çünki idxaldan çox asılı ölkəyik. Ölkədə hansı sahəni götürsək, idxal mallarının üstünlüyünü görəcəyik. Bu səbəbdən Azərbaycanda məzənnə siyasəti daha ehtiyatla aparılır. Heç bir üzən məzənnə rejimindən artıq söhbət getmir. 

2015-2016-cı illərdə üzən məzənnə rejimi barədə çox danışılırdı, biz israrla deyəndə ki, Azərbaycanda üzən məzənnə yoxdur, inzibati məzənnə var, bunu sübut edəndən sonra Maliyyə Nazirliyi, Mərkəzi Bank daha üzən məzənnə barədə danışmır. Hamıya məlumdur ki, məzənnə sırf inzibatidir, qərarla müəyyənləşdirilir və hökumətin siyasətindən asılıdır. 

Samir Şərifovun dediyində bir həqiqət var ki, neftin qiyməti kəskin düşsə və biz qeyri-neft sektoru ilə turizmi inkişaf etdirmək istəyiriksək, manatın məzənnəsini belə sabit saxlamaq baha başa gələcək və bir müddətdən sonra məzənnədə yüngül dəyişikliklər etməyin zamanı gəlib çatacaq. Hökumətin fikrincə bu həm də Azərbaycan Respublikası Dövlət Neft Fondunda olan vəsaitlərin qənaət edilməsinə xidmət göstərəcək. 

Obrazlı desək məsələn, bizdə büdcənin yarısı Neft Fondundan olan transfertlərdir. Əgər dollar-mənat rəsmi məzənnəsi 1,700 manat səviyyəsində qalarsa, Neft Fondundan gələn il büdcəyə transfertlər təxminən 6 milyard 685 milyon dollar təşkil edəcək (dolları manata çevirib büdcəyə ötürəcəklər), manat 10-15% dəyərdən düşsə, hökumət Fondun 700 milyondan 1 mlrd. dollara qadər vəsaitinə qənaət edəcək. 

Bunu da nəzərə alsaq, düşünürəm ki, Samir Şərifovun dedikləri gələcəklə bağlı ilkin siqnallardır. Yəni manatın məzənnəsinin uzun müddət sabit saxlanılması iqtisadi baxımdan hökumətə (məhz hökumətə) sərfəli olmayacaq. 

Çox pis ssenarisini düşünsək ki, neftin qiyməti kəskin ucuzlaşaraq 1 barelə görə 40 dollar səviyyəsinə düşəcək, o zaman manatın məzənnəsində daha kəskin dəyişikliklər olacaq. İndiki 60 dollar civarında qalacaqsa, manatın məzənnəsi ilə bağlı yumşaq addımların olması ehtimalı yüksəkdir. Hökumət kəskin addımlar atmaq istəmir, çünki devalvasiyaların ölkə iqtisadiyyatına vurduğu zərərləri də görüb. 

Böyük devalvasiya bank sektorunu demək olar durğunluq vəziyyətinə gətirdi, problemli kreditləri artırdı, iqtisadiyyata ciddi ziyan vurdu. Çox güman ki, kəskin addımlar, bir gecəlik devalvasiyalar olmayacaq. Yumşaq şəkildə manatın məzənnəsinin dəyərdən düşməsi ola bilər. Yeri gəlmişkən, manatın dollar qarşısında ən ucuz məzənnəsi 1,92 manat olub, təqribən o həddə qədər oynaqlıq ola bilər...

Yazı müəllifin feysbuk profilindən götürülüb.