Natiq Cəfərli: Gömrük rüsumlarının artırılması qiymət artımının anonsu deməkdir

Natiq Cəfərli: Gömrük rüsumlarının artırılması qiymət artımının anonsu deməkdir

03-01-2019 15:43 / Bu xəbər 1578 dəfə oxundu

"Azərbaycan daxili istehsalçıları qorumaq üçün bəzi mallara gömrük ödənişlərini artırıb''

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, ətraf ölkələrlə malların qiymətinin kəskin ucuzlaşdığı şəraitdə Azərbaycan daxili istehsalçıları qorumaq məqsədilə bəzi mallar üçün gömrük ödənişlərini artırıb. 

Onun sözlərinə görə, qonşu Türkiyə və İranda malların qiymətinin aşağı düşməsi və bu prosesin daxili bazara təsirini azaltmaq məqsədilə komitənin risklərin idarə etmə mərkəzi prosesi izləyir və lazım qərarlar verir.

Gömrük sədri buna misal olaraq bildirib ki, daxili bazarı qorumaq üçün İrandan gətirilən armatura gömrük ödənişləri kəskin artırılıb. O deyib ki, İranda armaturun qiyməti 200 dollardır, amma gömrük komitəsi onu 500 dollara bəyan edir.

"Söhbət rüsumdan deyil, malın dəyərinin artırılmasından gedir”.

Onun sözlərinə görə, bu addımlar ölkənin yeganə armatur istehsalçısı olan "Baku Steel Company”nin qorunmasına yönəlib:

"Biz onlarla danışdıq ki, qiymət nə qədər qaldırsaq sizi qoruyar, sonra isə qərar verildi”.

S.Mehdiyevin sözlərinə görə, oxşar addımlar ölkəyə toyuq əti və kartof idxalında da atılıb.

Azərbaycan Gömrük Komitəsinin bu siyasətini Meydan TV üçün şərh edən iqtisadçı Natiq Cəfərli xatırladıb ki, bir sıra dövlətlər daxili istehsalı stimullaşdırmaq üçün zaman-zaman belə addımlar atıb.

"ABŞ-la Çin arasında son illər baş verən gömrük, vergi müharibələrinin səbəbi də bununla bağlıdır. Ancaq Azərbaycanda yerli istehsalın stimullaşdırılması yalnız gömrük vasitəsilə mümkün deyil. Çünki yerli istehsal daxili təlabatı tam ödəmək qabiliyyətində deyil”.

Natiq Cəfərli

O hesab edir ki, yerli istehsalı stimullaşdırmaq üçün digər addımlar da atılmalıdır.

"Həm istehsal sahələrini genişləndirilməsi, istehsalın gücünün, həcminin artması vacibdir. Bunlar paralel olmasa, sırf yerli istehsalçıları qorumaq adı altında xaricdən gələn eyni növ məhsulların gömrük rüsumunu artırmaq ölkədə ciddi inflyasiya prosesinə səbəb ola bilər. Yerli istehsal özünü doğrultmur, yaxud yerli istehlakı tam təmin etmir deyə bu addım hətta ziyanlıdır”.

İqtisadçı sual edir ki, əgər hökumət məsələyə bu məntiqlə yanaşırsa, o zaman yerli istehsalı olmayan məhsullara niyə gömrük rüsumları kəskin şəkildə artırılır? O, misal olaraq Azərbaycanda dərman istehsalının olmadığını bildirib:

"Ancaq dərmanı gömrükdən keçirərkən 15 faizlik gömrük rüsumu, 18 faiz ƏDV-yə hədəf gəlir, eyni misalı uşaq yeməkləri barədə də gətirə bilərik. Başqa bir misal əngəlli insanlar üçün ləvazimatlara, arabalara aiddir. Halbuki, istehsalı olmayan bu şeylərə gömrük rüsumu tətbiq edilir. Yaxşı olardı ki, sosial əhəmiyyətli məhsulların gömrük rüsumunu və ƏDV-ni aradan qaldırsınlar. Bu zaman ədalətli yanaşma olardı”.

N.Cəfərli hesab edir ki, sırf gömrük rüsumlarının artırılması yolu ilə daxili istehsalçıya dəstək verilməsi haqda bəyanat ölkədə inflyasiya və qiymət artımı anonsunu səsləndirməkdir.