Natiq Cəfərli: "Azərbaycanda orta aylıq maaş Gürcüstan və Ermənistandan aşağıdır"

Natiq Cəfərli:

01-05-2018 19:12 / Bu xəbər 2661 dəfə oxundu

"Ciddi təbii resursları olmayan Estoniya vətəndaşlarından isə bizim vətəndaşlar 4,2 dəfə az orta aylıq maaş alırlar”

Avropa Statistika İdarəsi 2017-ci ildə ölkələr üzrə vergi çıxıldıqdan sonra orta aylıq maaşlar haqqında məlumat açıqlayıb.

İqtisadçı Natiq Cəfərli həmin ölkələrin siyahısını açıqlayıb. Keçmiş post-sovet ölkələri üzrə vəziyyət belədir:

Estonya – 993 avro
Latviya – 691 avro
Litva – 650 avro
Rusiya – 474 avro
Qazaxstan – 346 avro
Belarus – 320 avro
Gürcüstan – 293 avro
Ermənistan – 251 avro
Azərbaycan – 232 avro
Ukrayna – 190 avro

İqtisadçı qeyd edib ki, Azərbaycan tək Ukraynadan öndədir.

O vurğulayıb ki, Azərbaycan orta aylıq net maaşa görə Gürcüstandan 61 avro, Ermənistandan 19 avro geridədir:

"Nefti-qazı, ciddi təbii resursları olmayan Estoniya vətəndaşlarından isə bizim vətəndaşlar 4,2 dəfə az orta aylıq maaş alırlar. Səbəblər çoxdur, amma ən fəlsəfi və təməl səbəb odur ki, Estoniyada seçki, şəffaf idarəetmə, ədalətli məhkəmə, rəqabətli iqtisadiyyat, hesabatlı və elektron formada xidmət göstərən hökumət var”.

Natiq Cəfərli

Natiq Cəfərli deyir ki, Avropada həftəlik ortalama iş saatı 38,6, Türkiyədə 45, İtaliyada 36, Almaniyada 35, Norveçdə isə 30 saatdır. Azərbaycanda iş saatı müdirdən, rəisdən asılıdır, həftənin 7 günü işə çağırlasar, işçilər gəlməlidir:

"Şənbə-bazar günü təmir-tikinti işləri ilə məşğul olan işçilər istirahət günü olmadan çalışırlar. Həmkarlar yox, işçi maraq qrupları yox, hüquq yox, qayda-qanun yox, iş saatı normativlərlə deyil, rəislərin kefi ilə müəyyən olunur. İş yerləri az, işləmək istəyənlər o qədər çoxdur ki, işçi öz hüququnu qorumaq haqqında deyil də, əlində olan çörək pulunu itirməmək haqqında düşünür. Bilir ki, qovulsa yerinə 10 namizəd var, əmək bazarı çox eybəcər formalaşıb. Vəziyyət tam olaraq belədir: Sülh, Əmək. May. Feodalizm”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, orta aylıq əmək haqqı göstəricisi bu ilin yanvar-fevral aylarında 17 manat 40 qəpik azalıb.

Yanvarda 8 manat 40 qəpik, fevralda isə daha 9 manat. İki ay ərzində ölkə üzrə orta əmək haqqı səviyyəsi 3,3% azalaraq 528,2 manatdan 510,8 manata düşüb.

Statistika Komitəsi bildirir ki, muzdla çalışanların orta siyahı sayı bu ilin yanvar-fevral dövründə 1512,45, 2017-ci ilin yanvar-dekabr dövründə isə 1517,65 min nəfər olub (muzdlu işçilərin orta siyahı sayı bu il 5 min 200 nəfər azalıb).

Meydan.tv