Natiq Cəfərli: ''Allahın bizə yazığı gəlib''

Natiq Cəfərli: ''Allahın bizə yazığı gəlib''

19-12-2018 16:52 / Bu xəbər 1990 dəfə oxundu

''Gürcüstanın real ixracatı Azərbaycandan çoxdur''

Azərbaycan və Gürcüstanın 2018-ci ilin ilk 11 ayı üzrə rəsmi ixrac rəqəmləri açıqlanıb.

Məlum olub ki, Gürcüstan bu ilin 11 ayında 3 milyard 33 milyon dollarlıq məhsul ixrac edib. Azərbaycanda isə bu rəqəm 17 milyard 918 milyon dollar olub.

İqtisadçı Natiq Cəfərli "Facebook” sosial şəbəkəsində profilində yazıb ki, ilk baxışdan bizdə vəziyyətin əla olduğu görünür:

"Görünən odur ki, gürcüləri geridə qoymuşuq. Ancaq belə deyil. İxracın strukturuna baxdıqsa isə görünür ki, Gürcüstanda bütün ixracat realdır. Yəni qeyri-neft sektoruna aiddir. Bizdə ixracın strukturuna 14 milyard 621 milyon dollar xam neft, 481 milyon dollar neft məhsulları, 1 milyard 256 milyon dollar isə təbii qaz daxildir. Ümumilikdə bu 16 milyard 358 milyon dollar edir. Deməli, Allahın bizə yazığı gəlib, bəxş etdiyi neft-qazı ixracatdan çıxsaq yerdə 1 milyard 560 milyon dollar qalır”.

Onun sözlərinə görə, əhalisi Azərbaycandan iki dəfədən çox az olan Gürcüstanın real ixracatı 3 milyard 33 milyon dollardır:

"Azərbaycanın qeyri-neft ixracı isə 1,560 milyon dollar, yəni "tənbəl” dediyimiz, "yekəxana” bildiyimiz gürcülər bizdən 1 milyard 473 milyon dollarlıq çox məhsul ixrac ediblər”.

Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsini müqayisə edən N.Cəfərli yanvar-noyabr aylarında Gürcüstanın Azərbaycana ixracının illik müqayisədə 96,5 faiz artaraq 435 milyon 846 min dollar təşkil etdiyini qeyd edib.

"Gürcüstanın ümumi ixracının 14,4 faizi Azərbaycanın payına düşüb. Bu göstərici ilə Azərbaycan Gürcüstanın birinci ən böyük ixrac tərəfdaşı olub. Azərbaycandan isə Gürcüstana 507 milyon 11,9 min dollar dəyərində məhsul ixrac olunub ki, bu da illik müqayisədə 6,8 faiz çoxdur”.

N.Cəfərli yazıb ki, Azərbaycan Gürcüstanın ümumi idxalında 6,1 faiz paya sahib olmaqla, qonşu ölkənin dördüncü əsas idxal tərəfdaşı olub:

"Gürcüstanın bizə ixracında əsas yeri şərab (spirtli içkilər), spirtsiz içkilər, kənd təsərrüfatı malları, avtomobillər olub. Azərbaycanın ixracında 96 faiz təbii qaz və neft məhsulları olub”.

Meydan.tv