''Narkoloji Mərkəzdə tanınmışların övladlarına 12 min dollar dəyərində dərmanlar satılıb''

''Narkoloji Mərkəzdə tanınmışların övladlarına 12 min dollar dəyərində dərmanlar satılıb''

19-04-2018 17:38 / Bu xəbər 2402 dəfə oxundu

Respublika Narkoloji Mərkəzin baş həkimi işdən çıxarılıb

Respublika Narkoloji Mərkəzin baş həkimi Telman Məmmədhəsənov tutduğu vəzifədən azad edilib. Onun yerinə müavini Aytən Səmədova təsdiqlənib.

Məlumatı Meydan TV-yə Səhiyyə Nazirliyindən təsdiqləyiblər. Bildirilib ki, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev aprelin 17-də əmr imzalayıb.

Adının açıqlanmasını istəməyən başqa bir mənbə isə deyir ki, baş həkim yanğından sonra aparılan araşdırmalar nəticəsində işini itirib. Araşdırma nəticəsində xeyli nöqsanlar ortaya çıxıb:

"Xeyli yeyinti faktları ortaya çıxıb. Məlum olub ki, mərkəzin əsas qazanc yeri qeydiyyata düşmək istəməyən şəxslərdir. Onların da əksəriyyəti tanınmışların övladlarıdır. Bu adamlara 12 min dollar dəyərində olan hepatit əleyhinə dərmanlar satırlırmış, özü də lazım oldu-olmadı. Bundan başqa, alkoqoldan əziyyət çəkənləri 800-1200 manatarası qiymətə əməliyyat ediblər. Guya ayaqlarına hansısa maddə qoyulur. Bu, daha çox psixoloji təsir üçün edilir, əslində isə hansısa maye, aparat qoyulmur. Amma xəstə yaxınını inandırırlar ki, bu əməliyyatla vərdişin qarşısını almaq olur”.

Mötəbər mənbə onu da deyir ki, yoxlama zamanı məcburi müayinəyə göndərilənlərə saxta sənədlərin verilməsi faktı da ortaya çıxıb.
 
"Baş həkim əslində xeyli müddətdir uzaqlaşdırılıb. Ancaq seçkilərlə əlaqədar əmr indi verilib”,  – deyə mənbə vurğulayıb. 

Narkoloji Mərkəzin əvvəlki baş həkimi Könül Vəliyeva Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunmuşdu.

Bu il martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın baş verib. Yanğın nəticəsində 25 nəfər həyatını itirib.

Hadisə ilə bağlı cinayət işi başlayıb. Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, şübhəli şəxs qismində Məhəmməd Məmmədov adlı şəxs həbs edilib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixiloji və narkoloji ekspertizalar təyin olunub.

Cinayət Məcəlləsinə əsasən, qeyd olunan maddələrin hər biri üzrə 14 ildən 20 ilədək azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur.

Səhiyyə Nazirliyinin balansında olan Narkoloji Mərkəz 1986-cı ildə yaradılıb. Yanan bina Sovet vaxtı tikilib və istismar müddətini başa vurub.