''Nardaran məhbusları sanki erməni əsirliyindəymiş kimi işgəncələrə məruz qalır''

''Nardaran məhbusları sanki erməni əsirliyindəymiş kimi işgəncələrə məruz qalır''

05-02-2019 14:44 / Bu xəbər 370 dəfə oxundu

Milli Şura: ''Qanunsuz əməl bilavasitə ölkə başçısı səviyyəsində sanksiyalaşdırılıb''

Demokratik Qüvvələrin Milli Şurası Qobustan qapalı həbsxanasında və DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ("Bandotdel”) siyasi məhbuslara işgəncə verilməsi haqda fevralın 5-də bəyanat yayıb.

Milli Şura bildirib ki, Qobustan həbsxanasında "Nardaran məhbusları”, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, hərəkatın fəalları Abbas Hüseyn və Cabbar Cabbarlı sanki erməni əsirliyindəymiş kimi qəddar fiziki, mənəvi-psixologi işgəncələrə məruz qalır:

"Bəlli olur ki, Qobustan həbsxanasında Tale Bağırzadənin qolları heç bir əsas olmadan qandallanır, onu təmiz hava almaq və yuyunmaq imkanından məhrum ediblər, ailəsi və vəkililə əlaqə saxlamasına maneə yaradılır, onun yanına psixi tarazlığı yerində olmayan və adam öldürməyə meylli (əvvəllər başqa bir məhkumu yandırmağa cəhd eləmiş) dustaq salıblar və s. T.Bağırzadənin qolunu bilərəkdən qanlı qandalla yara açacaq həddə sıxıblar və bu da onu hansısa xəstəliyə yoluxdurmaq istədiklərinə dair şübhələr yaradıb. T.Bağırzadəyə qarşı basqılar elə həddə çatıb ki, o, özünə xəsarət yetirməyə məcbur olub.

Abbas Hüseyn qoluna 3 yerdən qandal, ayaqlarına zəncir vurularaq, ağzı və gözləri yapışqan lentlə bağlanaraq elə ağır işgəncələrə məruz qalıb ki, paltarları belə əynindən çıxıb. Onu boğazından o qədər sıxıblar ki, günlərlə su içməyə belə çətinlik çəkib.

Cabbar Cabbarlı da xəstə halına baxmadan möhkəm döyülüb, çənəsi və sinəsi zədələnib”.

Bəyanatda xatırlanıb ki, məhbuslara qarşı işgəncələrə Qobustan həbsxanasının rəisi Aftandil Ağayev şəxsən rəhbərlik edir:

"Bandotdel”də isə Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmli, onun qardaşı oğlu Vidadi Rüstəmov, AXCP funskionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli ağır işgəncələrə məruz qalıblar. İşgəncələr barədə onlar özlərilə bağlı gedən məhkəmə proseslərində sərbəst ifadələri zamanı məlumat veriblər. Bu insanları "bandotdel”də bədənlərinə elektrik cərəyanı buraxılmaq da daxil, ağılagəlməz işgəncələrlə özlərinin və AXCP sədri Əli Kərimlinin əleyhinə yalan ifadələrə məcbur ediblər. Onların ifadələrindən aydın olur ki, "bandotdel”də xüsusi quraşdırılan işgəncə otaqları fəaliyyət göstərir”.

Bəyanatda deyilir ki, bu insanlara günlərlə verilən dəhşətli işgəncələrin məqsədi AXCP-yə qarşı uydurulmuş "qanunsuz maliyyələşmə” ittihamına uyğun ifadələr almaq olub.

"Onlara işgəncə verilməsini isə müstəntiq Sənan Paşayev göstəriş verirmiş. İstər "Nardaran məhbuslarına” Qobustan həbsxanasında, istərsə də Saleh Rüstəmli və onunla birlikdə həbs olunanlara "bandotdel”də verilən işgəncələr barədə məlumatlar heç bir dövlət orqanını narahat etməyib. Əksinə, Penitensiar Xidmət və DİN işgəncəyə məruz qalan bu şəxslərin yerli-yataqlı təsvir etdiyi faktları ümumi sözlərlə təkzib etməkdədir”.

Milli Şura bütün bu işgəncə hallarına görə hüquq-mühafizə orqanları ilə yanaşı, siyasi hakimiyyəti də ittiham edib və ondan baş verənlərlə bağlı təcili şəkildə, yüksək səviyyədə izahat verməsini tələb edib:

"Milli Şura həbs yerlərində saxlanılanlara, xüsusən də müxalif mövqeli insanlara işgəncələr verildiyinə dair əvvəllər də məlumatların yayıldığını nəzərə alaraq, hesab edir ki, bu qanunsuz əməl bilavasitə ölkə başçısı səviyyəsində sanksiyalaşdırılıb. Əks halda indiyədək yayılan məlumatlar onun məsələyə müdaxilə etməsinə, işgəncə hallarına görə məsuliyyət daşıyanların cəzalandırılması üçün tədbir görməsinə yetərli olmalıydı.

Milli Şura Qobustan həbsxanasında "Nardaran məhbuslarının” taleyinə təhlükənin qaldığını nəzərə alaraq, müvafiq dövlət orqanlarından orada baş verənləri təcili nəzarətə götürməyi, xüsusən də həbsxananın rəisi Aftandil Ağayev barəsində vəzifəsindən çıxarılmaqla tədbir görülməsini tələb edib.

Milli Şura həmçinin "bandotdel”də Saleh Rüstəmli və onunla birgə saxlanılanlara qarşı işgəncələrə göstəriş verən Sənan Paşayev və göstərişi yerinə yetirən şəxslər barəsində cəza tədbirinin görülməsini tələb edib: "Cəmiyyət dövlət rəhbərliyini bu işgəncə faktlarına görə məsuliyyət daşıyanları cəzalandırmaq və ümumiyyətlə belə işgəncələrə son qoymaq üçün hərəkətə keçməyə məcbur edə bilməlidir. Milli Şura eyni zamanda beynəlxalq birliyi Azərbaycanın hüquq-mühafizə orqanlarında və həbs yerlərində törədilən bu anti-insani əməllərə biganə qalmamağa səsləyir. Dünyanın hüquq müdafiə təşkilatları, demokratik hökumət və təsisatları törədilən bu işgəncə hallarına görə Azərbaycan hakimiyətindən izahat tələb etməli, günahkarları cəzalandırmaq və belə halların təkrar olunmasına yol verməmək üçün ona bütün gücləri ilə təsir göstərməlidirlər”.

T.Bağırzadə, A.Hüseyn 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunublar.

Onlara qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. T.Bağırzadə və A.Hüseyn 20 il azadlıqdan məhrum edilib.

Onlar özlərini təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirirlər.

Taleh Bağırzadə və Abbas Hüseyn işgəncələrə etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıblar. 

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, S.Rüstəmov, onun qardaşı oğlu Vidadi Rüstəmli, AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirlini cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında ittiham edib. 

İddia olunur ki, S.Rüstəmov Rusiyadan AXCP-yə pul göndərib, həbs edilmiş cəbhəçilər də həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırıblar. İttihamda söhbət 412 min dollardan gedir.

Lakin S.Rüstəmov da, cəbhəçilər də ittihamı rədd edir. AXCP üzvləri də həbs olunduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirib, bununla əlaqədar prokurorluğa, məhkəməyə şikayətlər göndəriblər. 

Yerli məhkəmələr şikayətləri təmin etmədiyindən onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Meydan TV-ə Milli Şuranın bəyanatını şərh edərək bildirib ki, heç bir işgəncə faktı olmayıb və aclıq aksiyası da keçirilmir: "Məhbuslar qanunun və daxili nizamnamənin tələblərinə riayət etməlidir”.