Mustafa Hacıbəyli yenidən prokurorluğa çağırılıb

Mustafa Hacıbəyli yenidən prokurorluğa çağırılıb

05-12-2018 17:28 / Bu xəbər 201 dəfə oxundu

Bastainfo.com saytının baş redaktoru, Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli bu gün, dekabrın 5-də Bakı Şəhər Prokurorluğuna çağırılıb.

Bu haqda Azadlıq Radiosuna redaktorun özü bildirib.

"Bakı Şəhər Prokurorluğundan zəng etmişdilər. Mənim saat 16-da prokurorluqda olmağımı istədilər", - M.Hacıbəyli deyib.

M.Hacıbəyli çağırışın prokurorluqda ona qarşı açılmış cinayət işi ilə bağlı olduğunu bildirib.

M.Hacıbəyliyə Bakı Şəhər Prokurorluğunda cinayət işi açılması ötən həftə bəlli olmuşdu. Prokurorluğa çağırılan jurnalistə bildirilmişdi ki, Gəncə hadisələri ilə bağlı barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət təqibi aparılır.

Prokurorluq həmçinin, M.Hacıbəyli haqqında polis nəzarətinə götürmə tədbiri seçib.

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyəti başçısına və polis əməkdaşına sui-qəsd törədilib. Bundan sonra Baş Prokurorluq məlumat yayıb ki, icra başçısı və polis əməkdaşına sui-qəsdlə bağlı bəzi media orqanlarında həqiqətəuyğun olmayan, təxribat xarakterli informasiyalar yayılıb.

Fakt üzrə CM-in 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlanıb. Prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az internet saytlarına girişin məhdudlaşdırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

Bundan sonra həmin saytların rəhbər və əməkdaşları ardıcıl bir neçə gün prokurorluğa çağırılaraq dindirilib.

Ekspertlər baş verənləri söz və ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirirlər. Hakimiyyət bundan öncə də bir sıra saytların bloklanmasına qərar verib. Beynəlxalq təşkilatlar bu addımı tənqid ediblər.