Mustafa Hacıbəyli: "Ayrı çarə qalmadı – Avropa Məhkəməsi…"

Mustafa Hacıbəyli:

14-03-2019 13:26 / Bu xəbər 1184 dəfə oxundu

"Basta” saytının bloklanması ilə bağlı 6-cı məhkəmə prosesi başa çatib. 

Məhkəmə saytın bloklanması ilə bağlı bir-birinə zidd iki qərar qəbul edib

Bu gün "Basta” saytının qanunsuz bloklanması ilə şikayətimiz üzrə artıq 6-cı məhkəm prosesi başa çatdı.

Çəkişmə ötən ilin iyul ayında başlayıb. Bilirsiz ki, 09.07.2018-ci il tarixdə "Bastainfo.com” saytı ilə bağlı tədbir görülməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RNYTN) müraciət edib. Nazirlik həmin gecə saytı bloklayıb.

Şikayətimizin məzmunu çox sadə və aydın idi: qanunla RNYTN-in sayta girişi məhdudlaşdırmaq hüququ var, amma bu, yalnız məhkəmə qərarı ilə ola bilərdi. RNYTN qanunun tələbini pozaraq, məhkəmə qərarı olmadan saytı bloklayıb. Bu qədər açıq qanunsuzluq ortada olsa da, bununla bağlı 6 müxtəlif məhkəmə prosesindən keçsək də, şikayətimizə baxan olmadı.

Bakı İnzibati-iqtisad məhkəməsi

Biz saytın məhkəmə qərarı olmadan bloklanması ilə bağlı əvvəlcə 1-saylı Bakı İnzibati-iqtisad Məhkəməsinə müraciət etmişdik . Cavabdeh tərəf kimi saytla bağlı tədbir görülməsi haqda müraciət etmiş Baş Prokurorluğu və bu müraciətdən sonra sayta girişi məhdudlaşdıran Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini (RNYTN) göstərmişdik. Bakı İnzibati –İqtisad Məhkəməsi şikayəti təmin etmədi, şikayətə bu instansiyada "baxılmasının mümkün sayılmaması” haqqında qərar çıxardı (İş N 2-1(81)3686/2018, 21 sentyabr 2018-ci il, hakim Elçin Məmmədov).

Bakı Apelyasiya Məhkəməsi bu qərardan verdiyimiz şikayəti təmin etmədi və Bakı İnzibati –İqtisad Məhkəməsinin qərarını qüvvədə saxladı (İş N 2-1(103) 2620/2018, 6 noyabr 2018-ci il, hakim Ülvi Mayılov).

Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin bu qərarından verdiyimiz şikayəti təmin etmədi, bizi məhkəmə iclasına belə dəvət etmədən Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı (İş N 2-1(102)-464/2019, 13 fevral 2019-cu il, hakim Kəmaləddin Bədəlov).

Səbail Rayon Məhkəməsi

Azərbaycanda məhkəmənin bərbad durumda olduğunu bilirdim. Amma eyni məhkəmədə eyni şikayət üzrə bir-birinə daban-dabanı zidd qərar qəbul edəcək qədər açıq qanunsuza getdiklərini bu qədər əyani şəkildə görməmişdim. Səbail Rayon Məhkəməsinə "Basta” saytının qanunsuz bloklanması ilə bağlı ilk iddia ərizəmizə hakim Nürəddin Bağırovun sədrliyi ilə baxılmışdı. Daha dorusu baxılmamışdı. Məhkəmənin qərarında deyilirdi ki,  saytla bağlı cinayət işi olduğu üçün şikayətə yalnız məhkəmə nəzarəti qaydasında baxıla bilər (İş N 2(009)-3618/2018, 3 dekabr 2018-ci il, hahim Nürəddin Bağırov).



Bundan sonra məhkəmə nəzarəti qaydasında şikayət etdik. Amma eyni məhkəmənin hakimi Azər Tağıyevin sədrliyi ilə bu dəfə qərar qəbul edildi ki, işə məhkəmə nəzarəti qaydasında baxıla bilməz (İş N 6(009)-2/2019, 16 yanvar 2019-cu il).

 


Bu qərardan da Bakı Apellyasiya Məhkəməsinə şikayət etdik. Məhkəmədə Səbail Rayon Məhkəməsinin bir-birinə zidd iki qərarını hakimlərin diqqətinə çatdırdıq. Hakim Sahibxan Mirzəyev çarpaz qərarların hər ikisinin surətini istədi, prosesə fasilə verdi. Ümid yarandı ki, bu qədər açıq şəkildə gözə girən qanunsuzluğun fonunda şikayət təmin edilməsə belə, ən azı ilkin instansiya məhkəməsinə qaytarılar. Amma bu gün Bakı Apellyasiya Məhkəməsi heyrətamiz bir qərarla Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxladı (13 mart 2019-cu il, hakim Sihibxan Mirzəyev).

Ayrı çarə qalmadı – Avropa Məhkəməsi… 

Mustafa Hacıbəyli
Bastainfo.com