MTN işi: ''Obnaliçka'' ilə bankları dağıdırdılar''

MTN işi: ''Obnaliçka'' ilə bankları dağıdırdılar''

31-10-2018 14:54 / Bu xəbər 1597 dəfə oxundu

Müdafiəçinin vəsatəti təmin olunmayıb

Keçmiş MTN generalları – Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin sabiq rəisi Sübahir Qurbanov, Monitorinq mərkəzinin sabiq rəisi Teymur Quliyev və daha beş nəfərin apelyasiya şikayəti üzrə məhkəmə oktyabrın 31-də davam etdirilib.

Ötən məhkəmə iclasında vəkil Adil İsmayılovun hakimlər kollegiyasına etirazıyla bağlı qərar elan olunub. Bildirilib ki, Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev etiraza baxıb və onu təmin etməyib.

Vəkil İqbal Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu göndərilib, təqsirləndirilənlərin şəxsi işlərinin alınması barədə vəsatət qaldırıb. Bildirib ki, DTX-nın İnspeksiya İdarəsinin təqsirləndirilən şəxslərdən dördünə - Sübahir Qurbanov, Füzuli Əliyev, Natiq Alıyev və Zaur Məmmədova mənfi xasiyyətnamə verib. Vəkil bildirib ki, bu adamlar barədə nəyə əsasən mənfi xasiyyətnamə verildiyi məlum deyil:

"Bu adamlar dəfələrlə mükafatlandırılıblar, onlara niyə mənfi rəy verilməlidir?”

Vəkil bildirib ki, ittiham epizodlarından birində zərərçəkmiş MTN-dəki hədə-qorxulara görə evini satıb Füzuli Əliyevə verdiyini deyir. Lakin müvafiq icra orqanlarından alınan sənəddən görünür ki, onun dediyi ünvanda ümumiyyətlə, ev olmayıb: "Olmayan evi necə satıb verib, bu?”

Müdafiəçi MTN-ə giriş-çıxışlarla bağlı jurnalın alınıb baxış keçirilməsi barədə vəsatət qaldırıb. Vəsatətlər təmin olunmayıb.

Digər vəkil Adil İsmayılov da ittiham epizodlarının əksəriyyəti üzrə mötəbər sübutlar olmadığını söyləyib: "Bu iş üzrə nə ibtidai istintaq doğru-düşgün gedib, nə də birinci instansiya məhkəməsi. İndi burada da araşdırma aparmaq istəmirsiz, qərar çıxarılıb ki, şikayətlərə məhkəmə istintaqı aparılmadan baxılsın. Belə iş materiallarıyla Biləcəridən o yana keçsək, gülərlər bizə”.

Təqsirləndirilən Füzuli Əliyev və Zaur Məmmədovun vəkili İlyas Kərimov bildirib ki, bu işdə çoxlu pozuntulara yol verilib. Vəkilin sözlərinə görə, istintaq qərəzli aparılıb, qurama ittihamlar verilib. 

Müdafiəçinin sözlərinə görə, zərərçəkmiş qismində tanınan şəxslər sahibkar kimi təqdim olunsalar da, sahibkar deyil, onların adi VÖEN-ləri yoxdur: "O vaxt "obnaliçka” ilə bankları dağıdırdılar. Dövlət buna biganə qala bilməzdi. Əgər əməliyyat məlumatı daxil olubsa, onun əsasında gedib əməliyyat keçirməməliydilər? Azərbaycandan pulların qara yollarla xaricə aparılmasından söhbət gedirdi. Bunun qarşısını almamalıydılar?”

Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi Zaur Məmmədovun şübhəli şəxs qismində verdiyi ifadə sonradan dəyişdirilib, imza da onun deyil. Müdafiəçinin sözlərinə görə, ekspertiza da ifadənin sonunda yazılan qeydin Z.Məmmədova aid olmadığı barədə rəy verib. Vəkil deyib ki, müstəntiq dindirilməli, bu məsələ araşdırılmalıydı.

Məhkəmə noyabrın 2-də davam edəcək.

2015-ci il oktyabrın 17-də MTN-də keçirilən əməliyyat nəticəsində nazir Eldar Mahmudov vəzifəsindən azad olunub, nazirliyin 5 generalı (Akif Çovdarov, Natəvan Mürvətova, Sübahir Qurbanov, Teymur Quliyev və Elçin Quliyev) və daha 16 nəfər müxtəlif rütbəli əməkdaşı saxlanılıb. Onlardan yalnız Natəvan Mürvətova ev dustaqlığında olub. MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev isə həbsdindən iki ay sonra Bakı istintaq təcridxanasında intihar edib.

Həbs olunan şəxslərin işi bir neçə qrupa ayrılıb. MTN-in Monitorinq İdarəsinin rəisi Teymur Quliyev, Əməliyyat Texniki İdarənin rəisi Natəvan Mürvətova və Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Sübahir Qurbanov yeddi nəfər əməkdaşları ilə birlikdə məhkəmə qarşısına çıxarılıb.

Müxtəlif iş adamlarının əmlaklarını, pullarını hədə-qorxu ilə əllərindən almaqda, onları bu məqsədlə qanunsuz olaraq, MTN-ə gətirib orada saxlamaqda, qanunsuz telefon dinləmələrində, əməliyyatlara ayrılmış vəsaitləri mənimsəməkdə təqsirləndirilən Sübahir Qurbanov və müavini Füzuli Əliyevə 14 il, Teymur Quliyevə 12 il, Zaur Məmmədov və Natiq Alıyevə 10 il 6 ay, Anar Şirəliyev və Eşqin Əliyevə isə 3 il azadlıqdan məhrumetmə cəzası verilib.

Natəvan Mirvətova, Fərhad Atayev və Elşad Əzizov isə şərti cəza verilib.

Anar Şirəliyev və Eşqin Əliyevin cəzası başa çatıb və onlar buraxılıblar.